“Media savadlılığı üçün ümumiyyətlə media aləmini, medianın əsas məhsulu olan məlumatların xarakterini və xəbər parametrlərini bilmək zəruridir”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında tanınmış telejurnalist, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, media savadlılığı məqsəd və mahiyyət etibarı ilə auditoriyaya ötürülən, əldə olunan, oxunan, rast gəlinən informasiyanı dəyərləndirmək, qiymətləndirmək və onu tanımaq bacarığıdır:

“Ona görə də Avropa ölkələrində, qardaş Türkiyədə hətta orta məktəblərin dərslik proqramına media savadlılığı adlı bölmə əlavə olunub və 10 ildən çoxdur ki, bu tədris olunur. Bunun əsas məqsədi informasiya aləmi ilə tanışlıqdır. KİV-də gedən müxtəlif xarakterli informasiyaların xarakterini, səciyyəsini, məqsədini, onun doğru olub-olmamasını aydınlaşdırmaq səriştəsidir. Media savadlılığı üçün ümumiyyətlə media aləmini, medianın əsas məhsulu olan məlumatların xarakterini, xəbər parametrlərini bilməliyik. Məsələn, oxucu xəbərin dolğun, doğru və yaxud dezinformasiya olmasını necə müəyyənləşdirməlidir? Həmin oxucuda xəbər parametrləri nədir, media qurumunun əsas məqsədi nədir, xəbər konkret mənbələrə əsaslanırmı, xəbər hansı məqsədi güdür, xəbərdə təbliğat çaları varmı, xəbərdə başqa niyyət varmı kimi müəyyən məlumatlar olmalıdır. Bunların hamısı incə məqamlar olduğuna görə, bunu orta məktəblərdə tədris edirlər. İnformatika dərsi keçirilir, informasiya azadlılğı ilə bağlı bunların hamısı bir bütöv şəkildə auditoriyaya təqdim olunur”.

Q.Məhərrəmli vurğulayıb ki, media savadlılığının iki aspekti var: “Birincisi, ümumi auditoriya, bütün vətəndaşlar və cəmiyyət üzvləri üçün lazım olan media savadlılığıdır, yəni bizim media haqqında anlayışımız və medianın əsas məhsulu olan informasiya haqqında bilgimizin olmasıdır. Doğru-düzgün və ictimai informasiya nədir - məlumatların təsnifatı kimi məqamlar haqqında xəbərimiz olmalıdır ki, biz yaxşını pisdən, doğrunu yalandan, saxta xəbəri düzgün xəbərdən fərqləndirə bilək. İkinci aspekt də media savadlılığının KİV-i, media qurumlarının özündə olan media savadlılığıdır ki, bu, sırf peşəkarlıq məsələsinə söykənir. Yəni, xəbərlərin doğru, mənbəyə əsaslanan, balanslı verilməsi, xəbər parametrlərinə əməl olunması, xəbərin suallarının doğru-dürüst bilinməsi, araşdırmaların düzgün aparılması, faktlarla çalışmaq, rəyi faktdan ayırmaq, təbliğatı bundan fərqləndirmək, media kommunukasiya landşaftında jurnalistikanın, marketinqin, PR-ın, digər məsələlərin birinin digərindən fərqləndirilməsini bilməkdir. Bunların hamısı bütöv şəkildə media savadlılığının və medianın özündə olan savadlılığın əsasını təşkil edir”.

Professor diqqətə çatıdırıb ki, saxta informasiyaya qarşı mübarizə aparmanın ən yaxşı yolu doğru-düzgün məlumatların yayılmasıdır: “İndi xüsusi proqramlar vasitəsilə şəkillərdən tutmuş yazılı məlumatlara qədər - bunların hamısının saxta olub-olmadığını müəyyənləşdirmək mümkündür. Süni intellekt bu məsələyə həm fayda verir, həm də ciddi problemlər yaradır. Ona görə də ümumi səviyyənin olması, jurnalistika qaydalarına əməl edilməsi çox önəmlidir ki, biz saxta xəbəri doğru xəbərdən ayıra bilək”.

Qeyd edək ki, bu gündən Azərbaycanda Media Savadlılığı Həftəsi başlayıb. Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Həftənin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcək.

İsmayıl Bakuvi