“Media savadlılığı mətbuatda gedən materialların doğru anlaşılması üçün tələb olunan bilik və bacarığın toplumu deməkdir”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

Onun sözlərinə görə, informasiya cəmiyyətində yaşayan insanlar yalan xəbərin və manipulyasiyanın qurbanı olmamaq üçün daha çox qüvvə sərf eləməli və daha çox bilməlidirlər:

“Media savadlılığını artırmaq üçün əldə olan informasiyanı analiz etmək və qiymətləndirmək vacibdir. Müxtəlif mənbələrdə hansısa xəbəri yoxlayıb onun nə qədər dəqiq olduğunu aşkarlamaq, bu prosesin əsas hissələrindən biridir. Media cəhətdən savadlı insan faktı subyektiv fikirdən ayırmağı bacarmalıdır. İnformasiyanın saxta olduğunu üzə çıxarmaq elə də asan məsələ deyil. Yalan xəbər doğru xəbərlə paralel virtual məkanda öz “həyatını” yaşayır. Bəzən o qədər yayılır ki, heç bir yolla onun saxta olduğunu sübuta yetirmək olmur. İlk növbədə araşdırma prosesində axtarış sistemindən düzgün yararlanmaq tələb olunur”.

“Nə qədər qəribə görünsə də, sistem bəzən bizə obyektiv yox, qərəzli nəticə verir, çünki bizim düşüncə tərzimizə uyğun məlumatı ilk səhifələrə çıxarır. Deyək, konspiroloji nəzəriyyə tərəfdarlarının qarşısına daha çox bu düşüncəni dəstəkləyən xəbərlər çıxacaq. Bir tərəfdən biz həm ciddi mənbələrə üz tutmalıyıq, digər tərəfdən öz düşüncəmizə yad olan məlumatı da kənara atmamalıyıq. Yoxsa, həqiqəti tapa bilmərik. Media savadlılığı belə axtarışda həmişə insanın işinə yarayır, çünki necə düşünməyimizdən asılı olmayaraq, doğrunu axtarmağa bizi sövq edir. Heç bir alternativi qəbul etməyən kimsənin isə saxta xəbəri tanıması çox çətindir. Emosionallığı kənara qoyub soyuq başla analiz etməliyik”, - ekspert söyləyib.

Qeyd edək ki, bu həftədən Azərbaycanda Media Savadlılığı Həftəsi başlayıb. Media Savadlılığı Həftəsi dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Həftənin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.

Hər il mütəmadi olaraq təşkil edilən həftə çərçivəsində tərəfdaş qurumların rəhbər və səlahiyyətli nümayəndələri, habelə sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlər fikir və təcrübələrini bölüşəcək, media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbir və layihələr icra ediləcək.

İsmayıl Bakuvi