“Viza rejiminin ləğvi ilə Azərbaycan vətəndaşlarının Çinə gedərək öz istirahətlərini, müalicələrini və turizm fəaliyyətlərini qurması daha asan olacaq”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyib.

O xatırladıb ki, bu günlərdə Çin və Azərbaycan arasında viza rejiminin ləğvi haqqında razılaşma əldə edilib. “Bu sahədə Cənab Prezidentin apardığı uzaqgörən siyasəti nəticəsində Azərbaycanın gəlmə turizminin və getmə turizminin coğrafiyası ildən-ilə artmaqdadır. Bildiyimiz kimi, keçmiş illər ərzində Azərbaycan bir sıra ölkələrlə də viza rejimini ləğv etmişdir. Digər ölkələrlə eyni zamanda vizanın qalmasına baxmayaraq, asanlaşdırılmış və sadələşdirilmiş üsulla vizanın verilməsi tətbiq edilmişdir. Qeyd edim ki, bu ölkələrdən BƏƏ-ni misal gətirmək olar. BƏƏ ilə aramızda asanlaşdırılmış viza rejimi işləyir. O cümlədən hətta BƏƏ-də digər ölkələrin orada yaşamaq hüququ qazanmış vətəndaşlarına biz viza veririk. Bu çox unikal bir imkandır. Ona görə BƏƏ-dən gələn turistlərin sayı ildən-ilə artmışdır”.

S.Dübəndi hesab edir ki, Çinlə Azərbaycan arasında viza rejiminin ləğvi ikitərəfli faydalar gətirəcək. İki ölkə arasında birbaşa təyyarə reyslərinin mövcudluğunu xatırladan mütəxəssis söyləyib ki, bu istiqamətdə də müəyyən tədbirlər həyata keçirilə bilər. O düşünür ki, iki ölkə arasında viza rejiminin ləğvi nəticəsində təyyarə reyslərinin də sayı daha da artacaq:

“O cümlədən, hər ölkənin maraqlı olduğu kimi bizdə gəlmə turizminə daha çox maraqlıyıq. Fikrimcə, qarşıdakı turizm mövsümü çinli turistlərin kəskin artması ilə müşahidə olunacaq. Bu həm Azərbaycan, həm də Çin üçün faydalıdır, amma bu, daha çox Azərbaycan üçün daha faydalıdır. Çünki Çinin əhalisi də kifayət qədər çoxdur və bununla ölkəmizə daha çox turist cəlb etmək imkanına malik ola bilərik. Odur ki, turizm sənayesi bu məsələlərə hazır olmalıdır. Çin turistləri üçün xüsusi - yəni həm qiymət, həm də xidmət baxımından uyğun olan turist paketləri hazırlanmalı, onlara təklif olunmalıdır. Mövsüm də gəldiyi üçün biz bu məsələdə bir qədər tələsməliyik. Viza rejiminin ləğvi ilə əlaqədar biz yaxın zamanlarda Çin turizm sənayesinin də aktivləşəcəyini müşahidə edə biləcəyik. Bu, eyni zamanda yeni iş əlaqələrin qurulmasında da öz təsirini göstərəcək. Bu eyni zamanda gələcəkdə iki ölkə arasında çarter reyslərin artmasına da öz təsirini göstərə bilər”.

 

İsmayıl Bakuvi