Saxlanma Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ibtidai araşdırma orqanına, prokurora, məhkəməyə, müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) və Milli preventiv qrupuna, BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya işgəncənin və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə ünvanladıqları müraciətlər 1 gündən gec olmayaraq (istirahət və iş günü hesab edilməyən bayram günləri, səsvermə və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndərilir. Bu müraciətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. 

Bu Məcəllənin 88-3.1-ci maddəsində nəzərdə tutulmuş dövlət orqanları (qurumları) və vəzifəli şəxslər istisna olmaqla, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən digər dövlət orqanlarına (qurumlarına) və vəzifəli şəxslərə ünvanlanan müraciətlər 24 saat müddətində aidiyyəti üzrə göndərilir. Bu müraciətlər, habelə onlara verilən cavablar bu Məcəllənin 88-2.4-cü maddəsində nəzərdə tutulan hallarda senzuradan keçirilə bilər.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri ilə əlaqədar Mərkəzin ünvanına daxil olan cavab məktublarının surətləri 1 gündən gec olmayaraq, teleqramların surətləri isə dərhal onlara təqdim edilir.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müraciət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər.