Ermənistan silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixində saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhaliyə qarşı terror əməllərini davam etdirir. 

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir. 

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.