İqtisadyyat.az dünya mediasına istinadən xəbər verir ki, ötən ay qlobal fond bazarları ABŞ prezidenti Donald Trampın tarif açıqlamalarından və Çində yerləşən "DeepSeek"in süni intellekt modelini işə salmasından təsirlənib.
Trampın ticarət tarifləri ilə bağlı açıqlamalarının təsirləri ilə bağlı qeyri-müəyyənliklər davam etsə də, yeni ABŞ administrasiyasının atdığı xarici siyasət addımları da yaxından izlənilir. Bazarlarda kəskin dalğalanmaların yaşandığı yanvar ayında "Apple" dünyanın ən dəyərli şirkəti kimi mövqeyini qoruyub.
"Apple"dan sonra bazar dəyərinə görə "Microsoft", "Nvidia", "Alphabet" (Google), "Amazon", "Saudi Aramco", "Meta Platforms", "Tesla", "Taiwan Semiconductor Manufacturing Company" (TSMC) və "Broadcom" gəlir. Dünyanın 10 ən böyük şirkətindən 8-i ABŞ, 1-i Tayvan və 1-i Səudiyyə Ərəbistanındandır.
Yanvar ayında "Apple" 3,548 trilyon dollar ilə dünyanın ən dəyərli şirkəti olub. "Apple"ı 3 trilyon 85 milyard dollarla "Microsoft" və 2 trilyon 940 milyard dollarla "Nvidia" izləyir.
Bu dövrdə "Meta Platforms"un dəyəri 1 trilyon 746 milyard dollara yüksəlib. Keçən ay "Meta Platforms" dünyanın 10 ən dəyərli şirkəti arasında səhm bazarlarında ən yaxşı performans göstərən şirkət olub.
Şirkətin səhmlərinin qiyməti 2024-cü ilin dekabr ayının sonundan bəri 17,71 faiz artaraq 689,18 dollara çatıb.
“Facebook”, “Instagram” və “WhatsApp” sosial media platformalarının sahibi olan “Meta” şirkətinin baş direktoru Mark Zukerberq ötən ay süni intellekt infrastrukturuna bu il 60-65 milyard dollar xərcləməyi planlaşdırdıqlarını açıqlayıb.
Gözəl Həşimova