Son bir il ərzində dəyəri bir milyon dollardan çox olan kriptovalyuta aktivlərinin sahiblərinin sayı demək olar ki, iki dəfə (95%) artaraq 172,3 min nəfər təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu İsveçrənin "Henley & Partners" konsaltinq şirkəti tərəfindən "Crypto Wealth Report 2024" araşdırmasının nəticələri sübut edir.

Məlumatda 100 milyon dollar və daha çox dəyərdə kriptovalyuta sahibi olanların sayının il ərzində 79% artdığı və iyunun 30-na olan məlumata görə, 325 nəfərə çatdığı dəqiqləşdirilir. Kriptovalyuta milyarderləri arasında da artım müşahidə olunub: dünyada kriptovalyuta milyarderlərinin sayı 28-dir ki, bu da bir il əvvəllə müqayisədə 27% çoxdur.

Mütəxəssislər həmçinin Bitcoin-ə sahib olan milyonerlərin sayında 111% artım qeydə alıblar. Bu, 85,4 min nəfər təşkil edib. Dəyəri 100 milyon dollar və daha çox olan bitkoin sahiblərinin sayı iki dəfə artaraq 156 nəfərə, milyarderlərin sayı isə 83% artaraq 11 nəfərə çatıb.

Bildirilir ki, dünyada kriptovalyuta istifadəçilərinin ümumi sayı 560 milyona çatıb (bir il əvvəlkindən 32% çox), onun ümumi bazar dəyəri isə 2,3 trilyon dollara çatıb (2023-cü illə müqayisədə 89% çoxdur).