Dünyada 5 yaşından kiçik uşaqların ölüm hallarının azalmasına baxmayaraq, hər 6 saniyədə 1 uşaq dünyasını dəyişir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Ölümünün Qiymətləndirilməsi üzrə Qurumlararası Qrupunun məlumatında deyilir.

Hesabata görə, 5 yaşına çatmadan dünyasını dəyişən uşaqların sayı 2022-ci ildə ən aşağı səviyyəyə - 4,9 milyon nəfərə enib. Qlobal miqyasda 2000-ci ildən bəri 5 yaşadək uşaq ölümünün səviyyəsi 51% azalıb.

Bununla da 2022-ci ildə beş yaşınadək uşaqlar arasında ölüm hallarının sayı tarixi minimuma düşüb. Ölən uşaqların demək olar ki, yarısı yeni doğulmuş körpələrdir.

Bir çox orta və aşağı gəlirli ölkələrdə isə uşaq ölümü azalıb. Bildirilib ki, resurslar ilkin səhiyyə xidmətlərinə və uşaq sağlamlığına adekvat şəkildə köçürülərsə, bu istiqamətdə daha da irəliləyiş əldə olunacaq.

Məlumata görə, münaqişələrdən təsirlənən mühitlərdə yaşayan uşaqların beş yaşına çatmamış ölmə ehtimalı digər bölgələrdəki uşaqlara nisbətən təxminən 3 dəfə çoxdur.

 

Gözəl Həşimova