Son illərdə qlobal neft bazarı COVID-19 pandemiyası, neft hasil edən ölkələr arasında qiymət müharibələri, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələrdən əhəmiyyətli dərəcədə təsirlənib. Bundan əlavə, bir neçə aydır davam edən İsrail-Həmas müharibəsi və husilərin Qırmızı dənizdə tankerlərə hücumları investorların diqqətini Yaxın Şərqdə neft hasil edən ölkələrə yönəldib. 

Bəs bu dövrdə hansı ölkələr daha çox neft hasil edib?

İqtisadiyyat.az bu barədə dünya statistikasında araşdırma aparıb. 

Araşdırmalara görə, dünyada ən çox neft hasil edən ölkələr bunlardır:

1. Amerika Birləşmiş Ştatları

ABŞ ötən il gündəlik 21,91 milyon barel hasilat ilə dünyanın ən böyük neft hasil edən ölkəsi olub və ardıcıl altıncı ildir ki, dünyada liderdir. Texas isə ölkənin ən çox neft hasil edən ştatıdır. Ən çox neft hasil edən ölkə olmaqla yanaşı, ABŞ dünyanın ən böyük neft istehlakçısıdır. 2023-cü ildə ABŞ gündəlik orta hesabla 20,5 milyon barel neft məhsulları istehlak edib.

2. Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının neft hasilatı ötən il sutkada 11,13 milyon barel olub. Ölkə dünyanın təsdiqlənmiş neft ehtiyatlarının 17 faizinə malikdir və ən böyük neft ixracatçısıdır. Onun neft və qaz sektoru ümumi daxili məhsulun (ÜDM) təxminən 50 faizini və ixrac gəlirlərinin təxminən 85 faizini təşkil edir.

3. Rusiya

Rusiyada ötən il neft hasilatı gündəlik 10,75 milyon barel olub. Rusiyanın ehtiyatlarının böyük hissəsi Qərbi Sibirdə, Ural dağları ilə Mərkəzi Sibir yaylası arasında, eləcə də Xəzər dənizinə qədər uzanan Ural-Volqa bölgəsində yerləşir.

4. Kanada

Ən çox neft hasil edən ölkələr siyahısında Kanada 4-cü yerdə qərarlaşıb. Ölkənin gündəlik neft hasilatı 5,76 milyon barel təşkil edib. Kanadanın ümumi enerji ixracının böyük əksəriyyəti Amerikayadır. 

5. Çin

Çinin illik neft hasilatı ötən il sutkada 5,26 milyon barel olub. Eyni zamanda, ölkə dünyanın ikinci ən böyük neft istehlakçısıdır. Çin dünyanın ən sıx məskunlaşdığı ölkədir və sürətlə inkişaf edən iqtisadiyyata malikdir və bu, onun yüksək enerji tələbatını şərtləndirən amillərdir. 

6. İraq

Hələ də OPEC-in ən böyük neft istehsalçısı olan İraqın neft hasilatı sutkada 4,42 milyon barelə qədər azalıb. İraq 2020-ci ilin məlumatlarına əsasən 145 milyard barellə dünyanın beşinci ən böyük sübut edilmiş neft ehtiyatlarına malikdir ölkəsidir ki, bu da qlobal ehtiyatların 8,4 faizini təşkil edir. 

7. Braziliya

Ötən il Brazilya 4,28 milyon barel neft hasil edib. Buna səbəb isə davamlı iqtisadi artım sayəsində ölkənin enerji istehlakının son on ildə təxminən iki dəfə artması olub. Braziliyanın ümumi enerji istehlakının ən böyük payı neft və digər maye yanacaqlardır.

9. İran

İranın neft hasilatı 2023-cü ildə sutkada 3,99 milyon barelə yüksəlib. İran dünyanın üçüncü ən böyük sübut edilmiş neft ehtiyatlarına, eləcə də dünyanın ikinci ən böyük təbii qaz ehtiyatlarına malikdir. Zəngin ehtiyatlarına baxmayaraq, İranın neft hasilatı hələ də ölkənin 2017-ci ildə hasil etdiyi 4,78 milyon bareldən xeyli aşağıdır.

10. Küveyt

İlk 10 neft hasil edən ölkə siyahısında sonuncu yerdə son illərdə neft hasilatını sutkada 3,5 milyon barelə çatdırmaq üçün mübarizə aparan Küveyt qərarlaşıb. Küveytin neft və qaz sektoru ölkənin ÜDM-nin təqribən 60 faizini, ixrac gəlirlərinin isə 95 faizini təşkil edir.

 

Gözəl Həşimova