“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,4%-dən 2,5%-ə yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun "Qlobal İqtisadi Görünüş Hesabatı"nın sentyabr buraxılışında qeyd olunub.

Hesabata görə, bu il dünya iqtisadiyyatı gözləniləndən bir qədər daha sürətli böyüyəcək. Lakin Çinin daşınmaz əmlak bazarında artan problem qlobal iqtisadi artım gözləntilərinə kölgə salıb. Agentlik gələn il üçün qlobal iqtisadi artım proqnozunu isə 2,1%-dən 1,9%-ə endirib. Bununla belə, 2025-ci ildə dünya iqtisadiyyatının 2,8% böyüyəcəyi gözlənilir.

Qurum bu il üçün Çinin iqtisadi artım proqnozunu 5,6%-dən 4,8%-ə, gələn il üçün isə 4,8%-dən 4,6%-ə endirib. Eyni zamanda, ABŞ-də bu il üçün iqtisadi artım proqnozu 1,2%-dən 2%-ə yüksəldilib, gələn il üçün isə 0,5%-dən 0,3%-ə endirilib.

 

Gözəl Həşimova