"Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyətində nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Statistika Komitəsi klinikanın statistik məlumatların verilməsi qaydalarını pozduğunu müəyyən edib.

Buna görə də Dövlət Komitəsi xəstəxana barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Protokol Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq.

Həmin maddədə statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə cərimə nəzərdə tutulur. Belə ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə  üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, Dünya Göz 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Adem Esgün olan "Dünya Göz Azərbaycan"ın nizamnamə kapitalı 10 000 manatdır.