“Türkiyə Zəlzələdən Bərpa və Yenidənqurma Layihəsi” səhiyyə xidmətlərinin bərpasına və zədələnmiş və ya dağılmış bələdiyyə infrastrukturunun bərpasına kömək edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankından verilən açıqlamada bildirilib.

Açıqlamada layihənin zəlzələdən ən çox təsirlənən və təxminən 14 milyon insanın yaşadığı 11 əyaləti əhatə edəcəyi qeyd edilib. 

Dünya Bankının Türkiyə Ölkə Direktoru Humberto Lopez deyib: “Dünya Bankı  zəlzələlərin baş verdiyi gündən təbii fəlakət risklərinin idarə edilməsi və yenidənqurma işləri üçün Türkiyənin yanındadır. Biz tikinti sahələrində öz təcrübəmizi bölüşürük. Yaxşı bilirik ki, bu kütləvi dağıntıdan sonra davam edən səylər bir neçə il çəkəcək və əhəmiyyətli vəsait tələb edəcək. Bu səfərdə Türkiyənin yanında olacağıq və zərər çəkmiş icmaların yenidən qurulmasına kömək edəcəyik”.

Açıqlamada “Türkiyə Zəlzələdən Bərpa və Yenidənqurma Layihəsi” çərçivəsində 1 milyard dollarlıq maliyyələşdirmənin təsdiq edildiyi bildirilib və bunun Dünya Bankının son zamanlarda Türkiyəyə verdiyi ən böyük maliyyə paketi olduğu qeyd edilib.

Bildirilib ki, layihənin əsas məqsədlərinə bələdiyyə infrastrukturunun və səhiyyə xidmətlərinin bərpası, kənd yaşayış məntəqələrinin tikintisi və abadlaşdırılması daxildir.