İsrail və HƏMAS arasında gedən müharibə səbəbilə ötən ilin son rübündə Qəzza iqtisadiyyatı 80%-dən çox azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Dünya Bankı müharibənin Qəzza iqtisadiyyatına təsirləri ilə bağlı hesabatını dərc edib.

Belə ki, Qəzzanın ümumi daxili məhsulu (ÜDM) təxminən 670 milyon dollardan 90 milyon dollara düşüb. Bölgə iqtisadiyyatının 2023-cü ildə 24% kiçiləcəyi də vurğulanıb.

Hesabatda 2023-cü ilin oktyabr ayından Qəzzaya edilən hücumların böyük insan itkisinə səbəb olduğu və hücumların Fələstin iqtisadiyyatına da əhəmiyyətli təsirləri olduğu açıqlanıb.

Məlumata görə, Qəzzada yaşayan təxminən 1,7 milyon insan məcburi köçkün vəziyyətinə düşüb və  bölgənin bütün əhalisi qida, su, elektrik, yanacaq və dərman çatışmazlığından əziyyət çəkir.

Hesabatda qeyd olunub ki, münaqişə on minlərlə evin dağılmasına, 1,2 milyondan çox insanın evsiz qalmasına və Qəzzada 36 xəstəxananın yalnız 1/3-nin qismən fəaliyyət göstərməsinə səbəb olub.

 

Gözəl Həşimova