BƏƏ-nin baş naziri və Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktum şiddətlənən Yaxın Şərq münaqişəsindən zərər çəkənlərə kömək etmək üçün Livana təcili ərzaq göndərilməsi barədə göstəriş verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ərzaq Qlobal Təşəbbüslər Fondu vasitəsilə Livana göndəriləcək və BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə əməkdaşlıq çərçivəsində ehtiyacı olanlara paylanacaq. Bununla da 250 min insan qida ala biləcək.
Xatırladaq ki, bundan əvvəl oktyabrın 6-da BƏƏ Livana dərman və ərzaq da daxil olmaqla 205 tona yaxın humanitar yardım göndərib. İsraillə Hizbullah hərəkatı arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar Livan əhalisinə təcili humanitar yardımın göstərilməsi üçün təşkil olunmuş hava körpüsü çərçivəsində yük iki gün ərzində altı təyyarə ilə respublikaya çatdırılıb. Oktyabrın 7-də BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Livana humanitar yardımla daha altı yük təyyarəsinin göndərilməsi barədə göstəriş verib.
Sentyabrın 23-də İsrail Livan Hizbullah hərəkatının birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi hədəflərinə kütləvi hava zərbələri endirir. Oktyabrın 2-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatı keçirdiyini elan edib.
Sadiq Cavadov