Azərbaycanda insan hüquq və azadlıqları son dərəcə ciddi şəkildə qorunmaqdadır. Dövlət üçün prioritet olan bu məsələ hər zaman ali səviyyədə diqqətdə saxlanılıb. Azərbaycanda irqindən, dinindən, milliyyətindən asılı olamayaraq, hər kəsin hüquq və azadlıqları təmin edilməkdədir. Bu proses ölkə Prezidentinin də qarşısına qoyduğu əsas prioritet məsələlərdən birinə çevrilib. Məhz bunun bariz nümunəsidir ki, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsasən mütəmadi olaraq əfv sərəncamları imzalayıb. Bu il də Prezident yanında Əfv Məsələləri Komissiyasının artıq yeddi iclası keçirilib və iclaslarda ümumilikdə 700-dən artıq müraciətlərə baxılıb. Çünki may ayında əfv sərəncamının imzalanacağı gözlənilir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İqtisadiyyat.az-a açıqlamasında xatırladıb ki, 1995-ci ildə Konstitusiyanın qəbulu ilə bərabər mühüm bir institut - əfv institutunun bərqərar edilməsi tarixi bir hadisəyə çevrilib. Onun sözlərinə görə, bu il əfv siyasətinin də Konstitusiya kimi 30 illik yubileyidir:
“Bu, öz-özlüyündə çox mühüm bir milli hadisədir. Yəni dövlətçilik, hüquq, ictimai və milli barış hadisəsidir. İndiyədək imzalanan 70-ə qədər əfv sərəncamları,10-dan artıq amnistiya aktları daha artıq dərəcədə vətəndaşlarımızın hüquq və azadlıqlarının təminatına xidmət edən çox genişmiqyaslı tədbirlər kompleksidir. Biz burada onu deyə bilərik ki, 10 minlərlə şəxsin dövlət tərəfindən verilən qərarla azadlığına qovuşması, sadəcə günə-gün hesabı ilə məhkumluğunu çəkib həyata dönən, ailəsinə qayıdan insanlarla eyni səviyyəli bir tədbir kimi qəbul edilə bilməz. Çünki, biz artıq bu illərin ümumi yekunlarını təhlil etdikdə dəqiq qənaətlərə gələ bilirik ki, məhz bu cür humanizmə layiq görülən vətəndaşlar, istər ailə vəziyyəti, penitensiar müəssisədə cəza çəkərkən davranışları, yəni islah olunması, onun azadlığa çıxacağı təqdirdə cinayətinin davam etməyəcəyinə zəmanətlər, ictimai təhlükəliliyin olmaması, sosial ədalət prinsipi, eləcə də həmin şəxsin dövlət və millət qarşısında xidmətləri nəzərə alınaraq verilən qərar yekunda o nəticəni doğurur ki, artıq azadlığa dönən şəxs bir daha təkrar cinayətə yol vermir və hər hansı bir şəkildə yenidən həbsxanaya qayıtmır. Halbuki digər məhkumların haqqında eyni fikri söyləmək olmaz. Yəni bu o deməkdir ki, əfv tədbiri vətəndaşlarımız tərəfindən də yüksək qiymətləndirilir. Onlar bunu belə qəbul edirlər ki, əgər dövlət bizə bu mənada addım atıbsa, xeyirxahlıq göstəribsə, biz də ona qarşılıq verək”.
Z.Oruc vurğulayıb ki, bu tədbirlər - Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ötən illər ərzində yürütdüyü siyasət həm də daxildə kriminogen durumun sabitliyində önəmli rol oynayıb. Onun sözlərinə görə, bu məsələ baş verən cinayətlərin də statistikasında özünü göstərməkdədir: “Hər halda Azərbaycan bu təhlükəsizliyin təmin olunduğu ən yaxşı ölkələrdən biridir. Düşünürəm ki, bu mənada biz qürur duymalıyıq ki, hazırkı qlobal təhlükələr fonunda bu regionda da müharibə mirası qalır, potensial müəyyən bir risklər mövcud olarkən Prezident İlham Əliyevin liderlik məharəti, bacarığı sayəsində biz məhz sayılıb-seçilən ölkələrdən biri kimi qəbul olunuruq. Ona görə də biz əfv qərarını konstitusiya və suverenlik qarşısında ən mühüm tədbir kimi dəyərləndiririk. Hesab edirik ki, bundan sonrakı dönəmdə də atılan addımlar cəmiyyətimizdə bu birliyi gücləndirəcək. Hesab edirik ki, bu gün “Böyük Qayıdış”, azad olunmuş torpaqlardakı quruculuq tədbirləri həm də azadlığa dönən insanların bu proseslərə, o hərəkata və bu yürüşə qoşulması demək olacaqdır və bu yeni Vətən quruculuğunda həmin insanlarımızın da iştirakına imkanlar açacaqdır. Ona görə də əfv siyasətinin davamlılığını dövlətimizin humanizmi kimi qiymətləndirərək onu alqışlamalıyıq”.
“Bir sıra hallarda atılan addımlara “siyahıda kimlərinsə adı var, başqalarının adı yoxdur” prizmasından dəyər verənlərin də mövqeyi qəbuledilməzdir. Məhkumlar arasında bu cür “böyükdür, kiçikdir, partiyalıdır və bitərəfdir” kimi işarələr axtarmaq doğru yanaşma deyil. Digər tərəfdən isə ən vacib olandır. Biz bunu beynəlxalq qurumların hər hansı hesabatlarında yer almaq üçün həyata keçirmirik. Bu, ilk növbədə vətəndaşlarımıza yönələn bir siyasətdir”, - Komitə sədri vurğulayıb.
Z.Oruc söyləyib ki, əfv qərarı millətimizin içərisində mühüm münasibətlər sisteminin quruculuğu üçündür: “Hüquq sistemində, dekriminallaşma tədbirlərində önəmli bir institutdur, önəmli bir addımlardır. Cəmiyyətimiz hər zaman bu şəffaf prosesi yüksək qiymətləndirib və biz indi artıq 28 Mayla bağlı da belə bir addımın atılacağını gözləyirik. Çünki artıq sayca yeddinci müzakirə mayın 16-da keçiriləcəkdir. Ondan sonra möhtərəm Cənab Prezident tərəfindən qərarın qəbulu gözlənilir. Düşünürəm ki, Əfv komissiyasının iclasları bu 6 il ərzində belə bir meyarların tapılmasına imkan veribdir. Bilavasitə prosesin iştirakçısı kimi deyə bilərəm ki, həqiqətən məhz vətəndaş maraqlarını qorumaq, amma milli mənafeləri də öndə tutmaq prinsipi ilə son dərəcə ədalətli, düzgün qərarlar verilibdir. Bu prosesin biz davamlılığına və uğuruna inanırıq”.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə İqtisadiyyat.az-a deyib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, əfv institutu bu siyasətin humanist mahiyyətini əks etdirən mühüm hüquqi və siyasi alətlərdən biridir:
“Əfv sərəncamlarının verilməsi yalnız hüquqi akt deyil, eyni zamanda Prezidentin öz fəaliyyətində humanizm və mərhəmət prinsiplərinə verdiyi əhəmiyyəti göstərən bir nümunədir. Bu sərəncamlar məhkum olunmuş şəxslərin cəmiyyətə reinteqrasiyasına, həmçinin ailə birliyinin qorunmasına xidmət edir. Son illərdə bir çox əfv sərəncamları imzalanmışdır. Məsələn, 2023-ci ildə Azərbaycan əfv tarixində ilk dəfə olaraq Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı ən çox məhkumu əhatə edən əfv sərəncamı imzalandı. Həmin sərəncam ümumilikdə 801 nəfərə şamil olundu. Eyni zamanda, 2018-ci ildə də böyük əfv sərəncamı olmuşdu. AXC-nin yaranmasının 100 illiyi ilə bağlı 700-dən çox şəxsə əfv tətbiq olunmuşdu”.
Ə.Nuriyev xatırladıb ki, hazırda Əfv Komissiyası 2025-ci ilin 12 fevral tarixindən etibarən iclaslarını keçirməyə başlayıb. O indiyə qədər 7 iclas keçirildiyini və 700-dən çox müraciətə baxıldığını söyləyib: “Həmin müraciətlərlə bağlı müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul olunub. İclaslarımız davam edir və qəbul edilmiş rəylər cənab Prezidentə təqdim olunacaq. Cənab Prezident tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, ona məxsus müstəsna hüququn həyata keçirilməsi ilə bağlı qərar veriləcək. Lakin bu qərarın nə vaxt veriləcəyi barədə məlumata malik deyiləm, çünki bu, Cənab Prezidentin səlahiyyətinə aid məsələdir. Əfv Komissiyasının iclaslarının davam etməsi onu göstərir ki, yeni əfv sərəncamının imzalanması ehtimalı yüksəkdir. Bu, ilkin mərhələdir. Bildiyiniz kimi, Əfv Komissiyası Prezidentin səlahiyyətini həyata keçirməsinə texniki dəstək göstərir. Cəmiyyətdə müəyyən gözləntilər var və bu gözləntilər başa düşüləndir. Çünki diqqət etsək görərik ki, Cənab Prezident hər il əfv sərəncamları imzalayır. Bu sərəncamlar əsasən dövlətin mühüm tarixi günlərində, milli bayramlar ərəfəsində verilir. Hazırda da məlum olduğu kimi, 28 May – Müstəqillik Günü münasibətilə yeni əfv sərəncamının verilməsi gözlənilir”.
Əfv Komissiyasının iclaslarının hələ yekunlaşmadığını söyləyən komissiya üzvü qeyd edib ki, iclaslar başa çatdıqdan sonra bu məsələyə dair cənab Prezident tərəfindən qərar veriləcək: “Kimlərin əfv sərəncamına düşəcəyi, neçə nəfərin əhatə olunacağı barədə isə heç bir rəsmi məlumat yoxdur. Çünki bu, cənab Prezidentin müstəsna səlahiyyətidir. Bizim vəzifəmiz yalnız əfv prosesinin təşkilati və texniki baxımdan hazırlanması və rəylərin verilməsidir. Qərarın verilməsi isə yalnız cənab Prezidentin səlahiyyətindədir”.
Xatırladaq ki, respublikamızda humanizm prinsiplərinə xidmət edən xeyirxah tədbirlərin həyata keçirilməsi, cəzasının müəyyən bir hissəsini çəkən və törətdiyi əməldən peşmançılıq keçirən məhkum olunmuş şəxslərin əfv edilməsi, bağışlanması, onlara yeni şans verilməsi ənənəyə çevrilib. Bu ənənənin təməllərini yaradan Ulu Öndər Heydər Əliyev əfvetmə institutunu da yaradıb. Məhz Ulu Öndərin 1993-cü ildə xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycanda qanunçuluğun təmin olunması ilə yanaşı, humanizm siyasəti çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilib. Bu sırada əfv və amnistiya təsisatlarının yaradılması Heydər Əliyevin humanizm dəyərlərinə verdiyi önəmin göstəricisidir.
1995-2003-cü illərdə Heydər Əliyev tərəfindən 33 əfv fərmanı imzalanıb və bu, 3 mindən artıq məhkuma şamil olunub. Ümummilli Liderin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən 1996-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib. Bu amnistiyalar 78 mindən artıq məhkuma şamil olunub, 21 mindən çox məhkum azadlığa buraxılıb. Belə humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşıyıb. Azərbaycanda bərqərar olan humanizm siyasətinin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb. Respublikamızın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Əvvəlcə 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib.
Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq və humanizm prinsiplərini əsas götürərək Prezident İlham Əliyev tərəfindən 2003-cü ilin dekabr ayından indiyədək 38 əfv sərəncamı imzalanıb. Onu da xatırladaq ki, Azərbaycanda ən böyük əfv sərəncamı 2023-cü ildə olub. Belə ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamı müstəqil Azərbaycan tarixinə ən böyük əfv aktı kimi düşüb və 801 məhkum əfv olunub.
İsmayıl Bakuvi
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.