İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlara xəbərdarlıq edib.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Qurum bəyan edib ki, sosial şəbəkələrdə bəzi fiziki və hüquqi şəxslər uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatı və mənşə sertifikatı verilməsi xidmətləri təklif edir:

“Bu cür təkliflərlə üzləşən sahibkarları diqqətli olmağa çağırır, həmin şəxslərin xidmətlərindən istifadə etməməyi tövsiyə edir, bu cür aktlarla rastlaşan sahibkarlardan bizə məlumat verməyi xahiş edirik. Mənşə sertifikatlarının və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının verilməsi yalnız Dövlət Xidmətinin səlahiyyətindədir. Sahibkarlıq subyektləri mənşə sertifikatlarını elektron qaydada İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) linkə keçid edərək ala bilər. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyadan keçmək istəyən qurumlar isə Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzinə müraciət etməlidir. Sahibkarlıq subyektləri uyğunluq sertifikatlarını vermək səlahiyyəti olan qurumların siyahısı barədə məlumatları Mərkəzin internet səhifəsindən (https://accreditation.gov.az/az/database/certification-organization) əldə edə bilərlər. Qeyd olunan faktlarla bağlı isə araşdırmalar aparılır və qanunsuz xidmətləri təklif edən şəxslərə qarşı qanunamüvafiq tədbirlər görülür”.