2021-ci ilin yanvar-fevral ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında məlumat verilib.

Təqdim edilən dövlət müəssisələri yanvar ayı ərzində ölkəyə 139,9 milyon ABŞ dolları həcmində gəlir gətirib. Siyahıya 32,2 milyon dollar ixrac həcmi ilə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.

Daha sonra bu siyahıda 29,9 milyon dollar ixrac həcmi ilə “SOCAR Polymer”, 24,2 milyon dollar ixrac həcmi ilə “Azəralüminium” MMC, 22,8 milyon dollar ixrac həcmi ilə “AzərGold” QSC, 16,1 milyon dollar ixrac həcmi ilə “Azərenerji” ASC gəlir.

Eləcə də, müvafiq dövr ərzində “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 13,2 milyon dollar, “Azərbaycan Dəmir Yolları” QSC isə 1 milyon dollar, “Azəripək” MMC 455 min dollar ixrac gəliri əldə edib.

Fevral ayında “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) gəlirləri yanvar ayında olduğu kimi sabit qalıb.