2 milyondan çox zərərli tərkibli elektron poçtu blok etmişdir:
Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 654 saylı Fərmanına əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 3 rübü ərzində ümumilikdə 21 milyon 738 min elektron poçt emal edilmiş, onlardan 19 milyon 467 mini istifadəçilərə çatdırılıb, 2 milyon 4 mini zərərli tərkibli olması ilə blok edilibdir.
İqtisadiyyat.az xəbər verir ki, hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 543 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.
Saxta domenlərin fəaliyyətinin qarşısı alınıb:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 3 rüb ərzində qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 871 kiberhücum indikatoru (IOC) müəyyən edilib və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıbdır. Bu kibertəhdidlərin 322-si daxili araşdırma, 549-u isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunubdur.
Bununla yanaşı, 1-ci yarımildə Xidmət kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 65 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını almışdır. Bunun nəticəsində xakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında hakerlərin dövlət qurumları adından istifadə edilməsi planları pozulmuş və kiberhücum cəhdləri qabaqlanmışdır.