Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı mühüm proqramlardan biri olan özəlləşdirmə prosesinin müasir metodlar, yeni yanaşmalar tətbiq edilməklə reallaşdırılması vacib məsələdir. Daha sadə və innovativ olan özəlləşmə üsulları prosesə qoşulan investorların sayının artmasına, dövlət  müəssisələrinin yenidən fəaliyyətinin təmin edilməsinə imkan verir.

Oxu.Az özəlləşdirmə üsulları ilə bağlı məlumatı təqdim edir. 

Ölkəmizdə tətbiq olunan mütərəqqi özəlləşdirmə üsulları kimi hərrac və investisiya müsabiqələrini nümunə göstərmək olar.

Özəlləşdirmə hərracları və üstünlükləri

Özəlləşdirmə prosesində operativliyi və şəffaflığı təmin etmək üçün həyata keçirilən tədbirlərdən biri də hərraclardır. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclar həm investorlar, həm də sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün əlverişlidir. Hərraclara çıxarılan dövlət əmlakları müxtəlif çeşidli olmaqla sahibkarların seçim imkanını artırır.

Prosesdə səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış sahəsi, nəqliyyat vasitələri potensial iştirakçılar qarşısında heç bir əlavə şərt qoyulmadan, yalnız dövlət büdcəsinə ödəniş müqabilində özəlləşdirilir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat, turizm və digər iqtisadi sahələri əhatə edir. Belə imkanlar hərraclara maraq yaradır. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərir.
Özəlləşdirmə hərracları hər kəsin iştirakı üçün açıqdır, yəni istənilən şəxs hərraca iştirakçı qismində qatıla bilər.

Dövlət əmlakına sifariş verməyən şəxslər də ziyarətçi olaraq canlı izləyib, hərracın gedişatını müşahidə edə bilərlər. Burada şəffaflıq tam olaraq təmin olunur. Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən, hərraca qatılmaq üçün “Özəlləşdirmə portalı” üzərindən əmlakı seçib elektron qaydada sifariş vermək kifayət edir. 

Hərrac necə aparılır?

Hərracın keçirildiyi məkana gələn şəxslər əyani olaraq sifariş verdikləri əmlaka təkliflərini irəli sürürlər. Hərrac başladıqdan sonra ilk beş dəqiqə ərzində heç bir iştirakçı tərəfindən təklif verilməsə, əlavə olunan bir dəqiqə ərzində bu vəziyyət yenə də təkrar olarsa, hərrac dayandırılır, baş tutmamış sayılır.

Rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətindən əlavə təkliflər edirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin bir faizindən az olmamalıdır. Məsələn, ilkin satış qiyməti 5 000 manat olan dövlət əmlakına edilən təklif minimum 50 manat olmalıdır.

Hərracın keçirildiyi məkana gedə bilmirsinizsə, narahat olmağa dəyməz. Belə ki, internet vasitəsilə, heç bir yerə getmədən də əmlak sahibi olmaq mümkündür. Sifarişini elektron qaydada həyata keçirən alıcı elektron hökumət portalına daxil olaraq “Elektron hərrac”a keçid edir. Elektron hərrac vasitəsilə alıcılar hərrac günü sifariş verdikləri əmlakı onlayn şəkildə özəlləşdirə bilərlər.

Burada da edilən təklif eyni ilə məkanda keçirilən hərracda olduğu kimidir. Sadəcə, alıcı təklifi onlayn olaraq həyata keçirir. Ekranda bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar edir. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan olunur. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd edilir. 

İnvestisiya müsabiqəsi

Yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi məqsədilə iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir. İnvestisiya müsabiqəsi vasitəsilə paytaxt və regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid müəssisələr özəlləşdirilir, iri investisiyalar cəlb edilir, özəlləşdirilmiş müəssisələrdə rəqabətqabiliyyətli malların istehsalı üçün imkanlar yaranır.

İlk olaraq investisiya müsabiqəsinə çıxarılan dövlət müəssisəsi barədə elan verilir. İş adamları öncədən həmin dövlət müəssisəsi və müsabiqə şərtləri barədə ətraflı məlumat əldə edirlər.  

Hərraclardan fərqli olaraq investisiya müsabiqəsində bir sıra şərtlərə əməl etmək tələb olunur. İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, işçilərin sosial təminatı kimi məsələlərin həllidir.

Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılır və açıq səsvermə yolu ilə investisiya müsabiqəsinin qalibi müəyyən edilir. Qalib alqı-satqı müqaviləsini imzaladıqdan sonra müqavilədə göstərilən müddət ərzində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürür və İnvestisiya Proqramının icrasına başlayır.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən məlumata görə, 2021-ci ildə dörd müəssisənin (“Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC, “Tibb Texnikasının Təmiri Zavodu” ASC, “Azərtütün” ASC, “Şəki şərab” MMC) dövlətə məxsus səhmlərinin və paylarının satışı üzrə investisiya müsabiqəsi keçirilib.