Mərkəzi Bankın bu gün keçirdiyi valyuta hərracında dollara tələb ən aşağı səviyyəyə düşüb. Hərracda tələb 11,6 milyon dollara enib ki, bu da 2022-ci ildə qeydə alınan ən aşağı tələb göstəricisidir.

Tələbdə azalma ötən ayın ikinci yarısından müşahidə edilirdi. İyun ayında isə tələbdə zəifləmə bir qədər də dərinləşib.

Hərracda xarici valyutaya tələbin azalmasının səbəblərinə aydınlıq gətirən iqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, zəif tələbin müşahidə edilməsi 2 amillə bağlıdır. Onun fikrincə, birinci əsas amil neftin bahalaşmasının yaratdığı psixoloji haldır: “Dollara tələbin zəifləməsi neftin bahalaşmasından sonra manatın ucuzlaşmayacağına dair inamın güclənməsidir. Psixoloji rahatlıq dollara tələbi zəiflədir. İnsanlarda belə bir gözlənti var ki, yüksək neft qiymətləri şəraitində manatın ucuzlaşması real deyil”.

Ekspert ikinci mühüm amil kimi inflyasiyanın güclənməsini göstərdi. O hesab edir ki, yüksək inflyasiya şəraitində xarici valyutaya tələbin zəifləməsi gözlənilən idi: “Bu il əhalinin yığım imkanları zəifləyib. Çünki inflyasiya səviyyəsi daha yüksəkdir.  İnflyasiya səviyyəsi yüksək olanda əhalinin gəlirlərinin xərclərə gedən hissəsi artır və nəticədə yığılan məbləğ azalır. Bu amil də dollara tələbi zəiflədir”.

X.Kərimli növbəti aylarda da dollara tələbin zəif olacağını gözləmir. O, proqnozlaşdırır ki, qarşıdakı aylarda idxal artacaq və dollara tələb nisbətən güclənəcək: “Qarşıdakı aylarda inflyasiya ilə əlaqədar idxal xərcləri arta bilər. İdxal xərclərinin artmasına iqtisadi artım da təsir edəcək. İlin ikinci yarısında hər iki amilin təsiri ilə idxal artacağını ehtimal edə bilərik. İdxal artacağı təqdirdə isə dollara tələbin bir qədər güclənməsi mümkündür”.sfera