Son zamanlar su filtri şirkətlərinin fəaliyyəti tənqid olunan əsas məsələlərdən biridir.  Belə ki, şirkət əməkdaşları əsasən axşam saatlarında, bütün ailə üzvlərinin evdə olduğu vaxtda mənzillərin qapısını döyürlər və öz məhsullarını təqdim etməyə çalışırlar.  Təcrübə zamanı istifadə edilən su elektroliz cihazı ilə parçalanır və mineralları ayrılır. Bu zaman suyun üzünə qara palçığa bənzəyən maddə çıxır ki, sakinlərin də təşvişinə səbəb olan məhz budur. Çirkli su içdiklərini düşünən ev sahibləri isə su filtrini almağa razılaşırlar. Əksər vətəndaşların şikayətinə görə isə bu şirkətlər fırıldaqla məşğuldurlar.  Qeyd edək ki, istehlak bazarında su filtlərinin müxtəlif çeşidləri təklif edilir: kuzə-filtrlər, krana taxma filtrlər, stasionar filtrlər, sənaye təmizləyici qurğuları və s. Ekspertlərə görə, bəzi hallarda bu filtrlər keyfiyyət tələblərinə cavab vermir və alınan qurğu suyu kifayət qədər yaxşı təmizləmir. 

Reallıq budur ki, bu gün əksər insanlar su filtri şirkətlərinin əməkdaşlarının fəaliyyətindən şikayətçidirlər. Belə şikayətlərdən biri də Aqilə Kərimova adlı vətəndaşa məxsusdur. Onun sözlərinə görə, şirkət əməkdaşları öz məhsulları ilə yanaşı, şəxsi suallar verməkdən də çəkinmir. Bu isə heç də etik deyil:

"Şikayətim "Dinamik Okean" şirkəti və bu kimi  su filtri şirkətlərindəndir. Axşam çağı evə gəlirlər göndərirsən, axşam saat 22:00-da geri qayıdırlar. Su filtrinə ehtiyacım olmadığını dedikdə isə qapıya gələn xanım ağ yalanlar danışmağa başlayır. Belə ki, şirkətin əməkdaşı "sizə heç nə satmaq fikrim yoxdur, sadəcə 10 dəqiqə suyunuzun keyfiyyətini yoxlayıb gedirik. Pula ehtiyacım var, bunu etməliyəm ki, maaş alım" kimi sözlər deyir. Xanıma yazığım gəldiyi üçün evə buraxdım. Onun arxasınca iki kişi gəldi. Biri qurğu qoşur, digəri isə qurğunun təqdimatını edir. Nə qədər çalışsam da, bu insanları evimdən çıxara bilmirdim. "Cəmi 5 dəqiqənizi alacağıq, maaşımız üçün lazımdır" deyərək axşam saat 22:00-dan 00:00-a qədər həyətimizdən getmədilər. Üstəlik ailə sayı, ünvan, peşə, hətta maaş kimi konfidensial suallar da verirlər. Özümü ciddi təhlükədə hiss edirdim. Bu cür şirkətlərin əməkdaşlarına İnsanlıq naminə icazə veririk ki, maaş alsınlar. Lakin onlar 10 dəqiqə əvəzinə 2 saatımızı alırlar, vaxtımızı və enerjimizi istismar edirlər. Xoş niyyətdən bu cür sui-istifadə olunmamalıdır. Onsuz da filtr şirkətləri insanları bezdirməkləri ilə tanınırdı, növbəti dəfə qapımıza yaxınlaşdıqda artıq qapını açmayacağıq. Təkid etsələr, leqal addım atmaq məcburiyyətində qalacağıq".

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, suya elektrik verilən zaman iki elektrodun birindən digərinə atomlar miqrasiya edir və suyun bulanıqlığı həmin atomların miqrasiya etməsi nəticəsində ortaya çıxır. Su filtrləri şirkətləri isə bunu bilməyən ev sahiblərini aldatmaqla məşğuldurlar:

 

 

"Su ilahi bir maddədir. Su filtr şirkətləri xüsusən gecə saatlarında vətəndaşların qapısını döyərək bütün imkanları ilə öz məhsullarını satmağa çalışırlar.  Ölkədə 20-ə yaxın su filtri satan şirkət var. Bu şirkətlər birmənalı şəkildə "Azərsu"yun sularını anti-reklam edirlər. "Azərsu" isə səssizlik nümayiş etdirir. Yer üzündə hələ müəyyən olunmayıb ki, hansı orqanizmə hansı su lazımdır. Ona görə də heç kim sübut edə bilməz ki, filtrdən keçən su yaxşıdır. İstehlakçı hüquqlarını qoruyan bir insan olaraq, suyun bütün növlərindən istifadə edirəm. İstehlakçılar mənə deyirlər ki, satışda 1 litri 9 manata, 40 qəpiyə olan sular var. Bunların fərqi nədir?  Su müəmmalı maye olduğuna görə bu suala dəqiq cavab vermək olmur. Bütün hallarda deyə bilərəm ki, su filtr şirkətləri insanları aldatmaqla məşğuldur. Şirkətlər çox baha qiymətə filtrləri insanlara satırlar. Bu məsələdə aldadılan xüsusən də kasıb insanlardır. Hesab edirəm ki, su filtrçilərinə qarşı monitorinq keçirilməlidir və ictimaiyyətə açıq məlumat verilməlidir. Çünki su filtrləri satanlar bazarda istehlakçı hüquqlarının çox ciddi şəkildə pozulmasına gətirib çıxaran işlər görürlər".

Vətəndaş şikayəti ilə bağlı "Dinamik Okean" şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Gülşən Şərif