Son aylar ərzində Rusiyada rublun 30-35% dəyər itirməsi müşahidə olunur. İqtisadi əməkdaşlığı nəzərə alsaq, rubl dəyərdən düşəndə manatın taleyi də aktuallaşır.
Maraqlıdır ki, rublun dəyərdən düşməsi manatın aqibətinə necə təsir edir?
Mövzu ilə bağlı iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, rublun dəyərsizləşməsinin Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına mənfi təsiri gözləniləndir:
"Rusiya Azərbaycanın eyri-neft və qeyri-xammal sektorları üzrə inkişafında açar dövlətdir. Azərbaycanın qeyri-neft ixracatı bazarında əsas yeri Rusiya tutur. Rublun kəskin devalvasiyaya məruz qalması Azərbaycanın qeyri-neft ixracatçılarına ciddi problemlər yaşadacaq. Rusiya rublunun sürətlə dəyərdən düşməsi artıq milli iqtisadiyyatımızın şaxələndirilməsi nöqteyi-nəzərdən bir sıra çətinliklər yaşatmaqdadır. Unutmaq olmaz ki, Rusiyada devalvasiya inflyasiyanı təxminən 3-4 dəfə üstələyib. Bu isə o deməkdir ki, Azərbaycan ixraçatçıları inflyasiya hesabına yaranan itkilərinin çox hissəsini kompensasiya edə bilməyəcəklər.
Manatın taleyinə gəlincə, milli valyutanın məzənnəsinin sabit saxlanılması ilə bağlı hansısa fundamental problemlər yoxdur və gözlənilmir. Çünki xarici ticarətdə kəskin müsbət saldo var".
Gülşən Şərif