Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki vəsaitləri üzrə ikinci ilkin maliyyə hesabatının təqdim edilməsi prosesi sabah (avqustun 22-də) başa çatacaq. 

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, ikinci ilkin maliyyə hesabatının təqdimatını qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri həyata keçirir.

Maliyyə hesabatlarının müvafiq seçki komissiyasına təqdim edilməsi növbəliliklə həyata keçirilir. Birinci ilkin maliyyə hesabatı müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə birlikdə təqdim olunur. İkinci ilkin maliyyə hesabatı isə səsvermə gününə ən tezi 20 gün və ən geci 10 gün qalmış təqdim edilir.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.