Bu sözləri İqtisadiyyat.az-a Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Deputat bildirib ki, görkəmli dövlət xadimi, xalqını sevən, daim onun  sağlamlığını düşünən dəyərli həkim Əziz Əliyevin ailəsində anadan olan Zərifə xanım Əliyeva atasının yolunu davam etdirərək tibb sahəsini seçib, oftalmoloq-alim kimi Azərbaycanda tibb elminin inkişafına dəyərli töhfələr verib.

Görkəmli Akademikin bir sıra xəstəliklərin qarşısının alınması istiqamətində ciddi elmi işlər apardığını söyləyən Mircəlil Qasımlı deyib: “İlk dəfə sənayenin müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikası ilə məşğul olan, bu istiqamətdə elmi-tədqiqat laboratoriyası yaradaraq araşdırmalar aparan Zərifə xanım Əliyeva elm aləmində yeni bir istiqamət olan peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb”.

Traxomanın bir sosial xəstəlik müalicəsi və aradan qaldırılmasının da məhz Zərifə xanım Əliyevanın adı ilə bağlı olduğunu bildirən deputat qeyd edib ki, oftalmoloq-alim bu xəstəliklə bağlı geniş elmi araşdırmalar aparıb, onun müalicə yolunu müəyyənləşdirib. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edən Zərifə xanım Əliyeva bölgələrimizə səfərlər edərək bu mövzuda mühazirələr oxuyub, öz bilik və təcrübələrini bölüşüb.

Deputat qeyd edib ki, traxoma xəstəliyini dəqiqliklə araşdıran, bu istiqamətdə ixtisaslaşan Zərifə xanım Əliyeva elmlər namizədi dərəcəsinə yüksəlir. Görkəmli oftalmoloqun müəyyənləşdirdiyi müalicə üsulu tezliklə tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. “Görkəmli Akademik Zərifə Əliyeva, eyni zamanda, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı geniş tədqiqat işlərinin müəllifidir. Aparılan araşdırmaların nəticələrindən bəhs edən elmi işlər klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsində müstəsna rola malikdir.

Mircəlil Qasımlı qeyd edib ki, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə xanım Əliyevanın müəllifi və həmmüəllifi olduğu 150-dən çox elmi əsər, 12 monoqrafiya, dərslik və dərs vəsaitlə­ri, 1 ixtira, 12 səmərələşdirici təklif ölkəmizlə yanaşı, dünya tibb elminə dəyərli töhfədir. Bu zəngin elmi irs bu gün də böyük dəyərə malik mənbə hesab olunur.

Oftalmologiya sahəsi üzrə ilk qadın akademik Zərifə xanım Əliyevanın elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların hazırlanması istiqamətindəki böyük xidmətləri Akademikin ömür yolunda dərin iz qoyub”, - deyə deputat  vurğulayıb. Zərifə Əliyeva gənc həkimlərin hazırlanması, onların peşəkar kadr olaraq formalaşması, peşə fəaliyyəti ilə bağlı məsələlərin öyrənilməsi istiqamətlərində geniş əmək sərf edib. Akademikin “Yüksək etimad” kitabı cəmiyyətdə həkimlərin bir şəxsiyyət formalaşması prosesinə dəyərli töhfə verib. Məhz Zərifə xanım Əliyevanın səhiyyədə kadr hazırlığı və həkimlərin ixtisasının təkmilləşdirilməsi üzrə fəaliyyəti sayəsində həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb.

Dərin təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik Akademik Zərifə xanım Əliyeva fəaliyyəti dövründə ən yüksək mükafatlara layiq görülüb. Oftalmologiyanın inkişafına verdiyi mühüm töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafat hesab olunan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva keçmiş SSRİ tarixində bu ali mükafa­tı alan ilk qadın alim olub.

“Zərifə xanım Əliyeva, eyni zamanda, mükəmməl ana və həyat yoldaşı idi. Müasir müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin həyat yoldaşı gözəl və ziyalı bir ailənin xoşbəxtliyini, möhkəm təməllərini qurub. Məhz Ulu Öndər Heydər Əliyev və Akademik Zərifə xanım Əliyevanın birgə qurduqları bu gözəl ailə xalqımıza müdrik və qüdrətli Lider İlham Əliyevi bəxş edib. Azərbaycanımıza tarixinin ən böyük Zəfərini yaşadan, onu qüdrətli dövlətə çevirən Prezident İlham Əliyev Vətənə məhəbbəti və sevgini xalqa xidməti həyat amalına çevirən valideyinlərindən mənimsəyir. “Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”, - deyən dövlətimizin başçısı İlham Əliyev müdrik siyasəti, fədakar fəaliyyəti, eyni zamanda, ailənin qazandırdığı ən yüksək dəyərlər ilə hər bir Azərbaycan vətəndaşının Prezidenti olmağı bacardı”, - deyə deputat vurğulayıb.