“Zəfər Günü nəinki 30 illik həsrətin başa çatdığı, hətta 100 illərin arzusunun reallaşdığı gündür. Zəfərimizin müəllifi Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Onu bizə qazandıran isə Ali Baş Komandanın müzəffər ordusu və xalqımızdır”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Azərbaycanın tarixən torpaqlarını itirdiyini xatırladan deputat bildirib ki, xalqımız yüz illər ərzində zaman-zaman öz doğma yurdlarından sıxışdırılıb və deportasiya olunub: “90-cı illərin əvvəlində müstəqilliyə yenidən qovuşmuş dövlətimizin ərazilərinin 20%-i işğal olundu. Bütün bu bəlalar xalqımızın başına gəldi. Amma Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı bir dövlət olaraq yenidən dünyaya qaytardı. Prezident İlham Əliyevin rəhbərliyi altında qısa zaman kəsiyində ölkədə “Dəmir yumruq” formalaşdı və tarixi misiyamız yerinə yetirildi”.

“Bu gün Azərbaycan qalibdir. Şuşa gününü qeyd edirik. Şuşa həm də milli birlik və həmrəyliyin simvoludur. Çünki Vətən müharibəsində dinindən, etnik mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaq, hər bir vətəndaşımız Şuşanın azadlığını istəyirdi. Azad Şuşada keçirilən ilk Xari Bülbül Festivalı döyüş meydanında özünü təsdiq etmiş sarsılmaz milli birlik və həmrəyliyimizin musiqi meydanında təntənəsi idi. Şuşada səslənən bayram sədaları bayrağımızı Xankəndində dalğalandırdı. Bu gün bütün ərazilərimizdə suverənlik bərpa olunmuşdur. Bayrağımız bütün ərazilərimizdə məğrurcasına dalğalanır”, - deputat vurğulayıb.

Azərbaycan xalqının Bayraq Günü ərəfəsində Zəfərə imza atdığını xatırladan A.Badamov söyləyib: “Allah da xalqımızı çox istəyir. Bayraq Günü ərəfəsində Zəfərə imza atdıq. Bayrağımız döyüş meydanında Zəfər çalmış qalib ölkənin bayrağıdır. Bayrağımız vətən uğrunda öz canından keçmiş şəhid övladlarımızın bürünərək ailələrinə qayıtdığı və şəhid analarımızın öpüb sinəsinə basdığı müəqddəs bayraqdır. Bayrağımız milli kimliyimizdir. Bir neçə gündən sonra COP29 beynəlxalq tədbirə ev sahibliyi edəcəyik. Biz ölkəmizə gələcək dövlət başçıları və digər qonaqları Zəfər çalmış bayrağımızla qarşılayacağıq. Bu, dövlətimizin, bayrağımızın qüdrətinin göstəricisidir”.

 

İsmayıl Bakuvi