“Ulu Öndər Heydər Əliyev ötən əsrin 90-cı illərində Azərbaycan xalqını və dövlətini məhv olmaqdan xilas edərək, tarixin yaddaşında xilaskar kimi yer aldı”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, 15 iyun tarixi Azərbaycan xalqının məhv olmaq təhlükəsindən və vətəndaş müharibəsindən xilas olduğu günün başlanğıcıdır: “Eyni zamanda bu gün Azərbaycan xalqının böyük oğlu – Ulu Öndər Heydər Əliyevin Vətənə qayıdış günüdür. Əslində, xalqımızın qurtuluşu elə Ulu Öndər Heydər Əliyevin Vətənə qayıdışı ilə başladı. Buna görə də 15 İyunu “Böyük Qayıdışdan başlanan Qurtuluş” kimi də adlandıra bilərik. Məhz həmin gün xalqın arzusu, istəyi, israrlı tələbi ilə Bakıya qayıdan Heydər Əliyev verdiyi qətiyyətli qərarlarla Azərbaycanı xaosdan, parçalanmaqdan və məhv olmaqdan xilas edib”.
Sədr müavini qeyd edib ki, bu qayıdış dağıntı vəziyyətində olan iqtisadiyyatın, sənayenin, təhsilin, səhiyyənin, mədəniyyətin, diplomatiyanın və xarici siyasətin yenidən qurulması və dövlətçiliyin bərpası demək idi: “Bu günü biz hər il böyük qürur və iftixarla qeyd edirik. Xüsusilə də son 5 ildə – torpaqlarımız işğaldan azad olunduqdan və dövlətimizin tam suverenliyi bərpa edildikdən sonra Qurtuluş Gününü daha böyük sevinclə qeyd edirik. Əlbəttə, bu qurtuluşumuz eyni zamanda torpaqlarımızın 32 ildən artıq işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsinin təntənəsi ilə daha böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev ötən əsrin 90-cı illərində Azərbaycan xalqını və dövlətini məhv olmaqdan xilas edərək tarixin yaddaşında xilaskar kimi yer aldı. Ümummilli Liderin siyasi kursunun davamçısı Prezident İlham Əliyev isə ata vəsiyyətinə əməl edərək, işğal altında olan torpaqları azad etdi. Onun rəhbərliyi ilə xalqımız 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı”.
İsmayıl Bakuvi