“Qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir. Azad edilmiş bütün ərazilərdə hərtərəfli iş görülür, böyük infrastruktur layihələri icra olunur: yollar çəkilir, xəstəxanalar, məktəblər, yaşayış binaları tikilir, mədəniyyət obyektləri, məscidlər bərpa olunur, muzeylər, hava limanları, dəmir yolları və tunellər inşa edilir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O xatırladıb ki, 2020-ci ilin 27 Sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğalda olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olunub:
“Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır! 8 Noyabr Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur”.
“Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir”, - deputat vurğulayıb.
C.Məmmədov söyləyib ki, bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir: “Qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür, böyük infrastruktur layihələri icra olunur: yollar çəkilir, xəstəxanalar, məktəblər, yaşayış binaları tikilir, mədəniyyət obyektləri, məscidlər bərpa olunur, muzeylər, hava limanları, dəmir yolları və tunellər inşa edilir. Beləliklə, azad edilmiş torpaqlara həyat qayıdır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək”.
“Bizi qarşıda hələ bir çox mühüm vəzifələr gözləyir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır. Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh və qürur hissləri yaşayır. Bu Zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük”, - Milli Məclisin deputatı C.Məmmədov əlavə edib.
İsmayıl Bakuvi