Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında mövcud strateji tərəfdaşlığın daha da güclənməsi baxımından mühüm hadisə kimi yadda qaldı. Bu səfər siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar yaratdı.
Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib .
O bildirib ki, Prezident İlham Əliyevin Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban və digər yüksək səviyyəli rəsmilərlə keçirdiyi görüşlər zamanı bir sıra mühüm məsələlər müzakirə mövzusu olub:
“Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulub. Bu müddət ərzində iki ölkə arasında münasibətlər sürətli inkişaf edib və həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu göstərir. Prezident İlham Əliyev Macarıstana bir neçə dəfə rəsmi və işgüzar səfərlər edib, eyni zamanda Macarıstanın Baş naziri Viktor Orban və digər yüksək rəsmilər Azərbaycana səfərlər həyata keçirib. 2014-cü ildə iki ölkə arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanmış və münasibətlər bu çərçivədə daha da inkişaf etmişdir”.
Deputat vurğulayıb ki, Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir: “Ticarət dövriyyəsi son illərdə artmaqda davam edir. Xüsusilə iki ölkə arasında enerji sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycan və Macarıstan arasında enerji əməkdaşlığı artıq strateji xarakter daşıyır. Azərbaycanın "yaşıl enerji" potensialı və Macarıstanın Avropanın enerji təhlükəsizliyindəki maraqları bu sahədə əməkdaşlığı ön plana çıxarır. Macarıstan, Azərbaycanın təşəbbüsü ilə formalaşan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyən Avropa ölkələrindən biridir. 2023-cü ildə Macarıstan Azərbaycanın qazını idxal edən ilk Mərkəzi Avropa ölkələrindən biri oldu”.
S.Möhbalıyev əlavə edib ki, Azərbaycan-Macarıstan münasibətləri yalnız ikitərəfli deyil, həm də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı çərçivəsində strateji əhəmiyyət daşıyır: “Azərbaycan və Macarıstan arasında dostluğa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər artıq ikitərəfli çərçivəni aşaraq regional və qlobal əhəmiyyət daşıyan əməkdaşlığa çevrilib. Bu əlaqələr hər iki ölkə üçün yeni imkanlar yaradaraq strateji tərəfdaşlığın dərinləşməsinə imkan verir”.