Beynəlxalq münasibətlər sistemində gərginliklərin artdığı, mövcud ikili standartlara əsaslanan yanaşmaların davam etdiyi bir dövrdə Türk dünyasının birliyinin güclənməsi, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın möhkəmlənməsi olduqca böyük tarixi əhəmiyyətə malikdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfərimiz bu birliyin daha da möhkəmlənməsi istiqamətində görülən işlərə önəmli təkan verdi.

Bu sözləri İqtisadiyyat.az saytına açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib.

“Vətən müharibəsi dövründə bütün dünya Türk dünyasının həmrəyliyinin və birliyinin əyani şahidi oldu. Eyni zamanda müharibədən sonra da işğaldan azad edilmiş ərazilərin bərpası prosesində qardaş Türk dövlətlərinin dəstəyini görürük. Bu, əlbəttə ki, böyük tarixi köklərə bağlı olan birliyin təcəssümüdür”, - deyə Milli Məclisin deputatı qeyd edib.

Mircəlil Qasımlı bildirib ki, Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün ötən il Qarabağın mirvarisi hesab olunan Şuşada keçirilməsi bu baxımdan olduqca önəmli rəmzi məna daşıyırdı. Macarıstanın bu təşəbbüsü davam etdirməsi və ikinci qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə təşkili də birliyin möhkəmlənməsi baxımından müstəsna rola malikdir. 

Bu gün Türk dövlətləri arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən deputat qeyd edib ki, güclü iqtisadi dayaqlara, beynəlxalq nüfuza malik qüdrətli Azərbaycan daim öz ailəsi hesab etdiyi Türk dünyasının  birliyinin möhkəmlənməsinə, türkdilli ölkələr arasında əməkdaşlığın inkişafına dəyərli töhfələr verir. Azərbaycan Prezidentinin qeyri-rəsmi Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub.

Azərbaycanın Orta Dəhliz layihəsinin Türk dünyası ölkələrinin birliyinə önəmli töhfə olduğunu bildirən Mircəlil Qasımlı vurğulayıb ki, dövlətimizin başçısı çıxışında bu məsələyə xüsusi yer ayıraraq bildirdi ki, Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Eyni zamanda, ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi üçün öz ərazisində müasir infrastruktur yaradıb və onun inkişafı üçün davamlı addımlar atır. Bu xüsusda,  Azərbaycanın vəsaiti ilə Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin ötən il 5 milyon tona çatdırılmasını qeyd etmək lazımdır.

“Bütün bunlar Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycanın bu təşəbbüsünün Türk dövlətləri arasında birliyin gücləndirilməsinə xidmət etdiyini deməyə əsas verir”, - deyə deputat vurğulayıb.