Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O, 80 dövlət və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı tədbirin genişmiqyaslı uğurla nəticələndiyini vurğulayıb: “Biz COP29-un yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət aldıq və bu bizi çox qürurlandırır. Tədbir yalnız təşkilatçılıq baxımından deyil, həm də əldə etdiyi razılaşmalarla tarixə yazıldı. Azərbaycan inkişaf etməkdə olan ölkələrə, xüsusilə kiçik ada dövlətlərinə və ekoloji problemlərlə üzləşən regionlara diqqəti artıraraq beynəlxalq platformada vasitəçi rolunu müvəffəqiyyətlə yerinə yetirdi. COP29 çərçivəsində ən böyük nailiyyətlərdən biri Bakı Maliyyə Məqsədi oldu. Bu razılaşma 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etməyi nəzərdə tutur. Bu hədəf əvvəlki 100 milyard ABŞ dolları həcmində maliyyə öhdəliyini 3 dəfə artırıb 300 milyard ABŞ dollarına çatdıraraq iqlim maliyyəsi arxitekturasını yenidən qurdu. Bakı Maliyyə Məqsədi ilə Azərbaycan qlobal iqlim diplomatiyasında yeni bir mərhələ açdı”.

Deputat xatırladıb ki, Bakıda keçirilən COP29-da Paris Sazişinin 6-cı maddəsi üzrə çoxdan gözlənilən razılaşmanın əldə olunmasına nail olunub:

“Bu, inteqrasiya olunmuş karbon bazarlarını işə salmaqla qlobal iqlim fəaliyyətində yeni maliyyə axınlarının yaranmasına və inkişaf etməkdə olan ölkələrə investisiya cəlb edilməsinə yol açdı. Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. COP29 çərçivəsində həmçinin, İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Bu fondun 2025-ci ildən etibarən maliyyə vəsaitlərini paylaşdırmağa hazır olması inkişaf etməkdə olan ölkələr üçün ədalətli və şəffaf dəstəyin təmin edilməsinə şərait yaratdı. Azərbaycanın sədrliyi ilə COP29 iqlim diplomatiyasının ən mürəkkəb məsələlərini həll etdi. Həmrəylik, şəffaflıq və əhatəlilik prinsiplərinə əsaslanan Bakı Maliyyə Məqsədi razılaşması iqlim böhranına qarşı qlobal mübarizədə güclü bir təkan oldu”.

V.Qafarovun sözlərinə görə, bu irəliləyişlər çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycanın sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir:

“Bu qərarlar 1,5 C məqsədinə çatmaq üçün vasitələrin təmin edilməsində xüsusi əhəmiyyətə malik addımlardır. Qarşıdakı illər asan olmayacaq. Elm göstərir ki, çətinliklər daha da artacaq. “Bakı irəliləyişi” bizə qarşıdan gələn fırtınaların qarşısını almağa kömək edəcək”. 

“Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı. Azərbaycanın üzərinə düşən missiya kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Böyük fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan COP29-da iqlim diplomatiyasında dönüş yarada bildi. Azərbaycan qlobal əməkdaşlıqda uğurlu moderatorluq nümunəsi göstərərək, həm beynəlxalq diplomatiyada, həm də iqlim siyasətində mühüm mövqeyini gücləndirdi. COP29 Azərbaycanın qlobal səhnədə ətraf mühit və davamlı inkişaf sahəsindəki rolunu möhkəmləndirərək, ölkəni iqlim diplomatiyasında lider ölkələrdən birinə çevirdi”, — Milli Məclisin deputatı V.Qafarov əlavə edib.