“Azərbaycan və Gürcüstan arasında münasibətlər dinamik inkişaf edir və hər iki ölkənin maraqlarına cavab verir”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Deputat bildirib ki, Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır:

“Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb. Bu ənənələr indi də davam edir. Azərbaycan-Gürcüstan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu günlərdə Azərbaycana rəsmi səfəri iki dost ölkə arasında əməkdaşlığın yeni mərhələyə çıxmasına imkan verəcək”.

S.Hüseynova söyləyib ki, xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır: “Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır”.

Deputat vurğulayıb ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub və bu amil Azərbaycanla Gürcüstan arasında iqtisadi-siyasi, o cümlədən mədəni əlaqələrin mahiyyətini göstərir.

S.Hüseynova əlavə edib ki, iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının və dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolu var: “Bu və digər səfərlər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında möhkəm qanunvericilik bazasının formalaşmasına imkan verib. Belə ki, bu günə qədər ölkə arasında 119 sənəd imzalanıb ki, bu da əməkdaşlığın bütün sahələrini əhatə edir. Eyni zamanda iki ölkə arasında səmərəli parlamentlərarası əlaqələr mövcuddur. Bu mənada Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Gürcüstan Parlamentinin Azərbaycanın Milli Məclisi ilə dostluq qrupunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Həmçinin iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir. Bu baxımdan ölkələrimiz BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirir”.

Elçin Mehdiyev