"Azərbaycanın 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzvlüyündən sonra ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan ölkəmizə qarşı vasitə kimi istifadə edib. Qurumun yanvarın 22-də qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ölkəmizə qarşı növbəti qərəzli yanaşmanın nəticəsidir". 

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. 

O bildirib ki, bəzi Avropa dövlətləri son dövlər Azərbaycana qarşı çirkin kampaniya aparır. Azərbaycanın özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etməsi, suverenliyini, konstitusiya quruluşunun bütün ölkə üzrə bərqərar olması bəzi Qərb ölkələrini və təşkilatlarını ciddi şəkildə narahat edir.

S.Hüseynova qeyd edib ki, deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürüb və həmin təşəbbüs təsdiqlənib:

“Bu əsassız təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. Fransa və Almaniyanın Ermənistan üçün bu qədər canfəşanlıq etməsi heç də təsadüfi deyil. Erməni lobbisinin, diasporasının maliyyə dəstəyi ilə hakimiyyətə gələn Fransa və Almaniya siyasətçiləri fundamental dəyərləri belə ayaqlar altına atır. Almaniyalı deputat Frank Şvabenin AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin “dəstəklənməsi” məhz bu acı reallığın təzahürü hesab edilir. AŞPA-da sərgilənən bu mövqe Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmağa hesablanıb. Bəzi Qərb dövlətləri və siyasətçiləri ermənidən daha çox erməni olmağa çalışır. Fransa prezidenti Emmanuel Makron kimi bəzi Qərb siyasətçiləri anti-Azərbaycan, islamafob, anti-Türkiyə mövqeyindən əl çəkmir. 
Azərbaycanın 30 il pozulmuş hüquqları, ərazi bütövlüyü və suverenliyi ilə bağlı susmuş Qərb dövlətləri bu gün Ermənistan və ermənilər üçün dəridən-qabıqdan çıxır. Qarabağdan ermənilərin könüllü şəkildə çıxıb getməsini belə az qala Azərbaycana qarşı etnik təmizləmə ittihamı kimi sırımağa çalışırlar. Amma onlar 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlərə göz yumurdular. Xocalı soyqırımına, azərbaycanlıların etnik təmizləmə və zorla deportasiyasına susan, biganə qalan, bunu görməzdən gələn, Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına reaksiya verməyən Qərb və onun ikiüzlü təşkilatlarının indiki mövqeyi sadəcə olaraq riyakarlıqdır”.