“Azərbaycan tarixində 27 Sentyabr yeni təqvimin – milli qürur, fəxarət və xilaskarlıq təqviminin başlandığı gündür”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O, sentyabr ayının xalqımız üçün qələbə ayı olduğunu söyləyib. Deputat xatırladıb ki, otuz ildən artıq davam edən işğal coğrafi olaraq 20 faiz ərazini əhatə etsə də, bütövlükdə ölkəmizin, xalqımızın və millətimizin üzərində böyük bir yükə, ağrıya, fəlakətə və faciəyə çevrilmişdi. O, bu anlamda 27 Sentyabrı yeni təqvimin – milli qürur, fəxarət və xilaskarlıq təqviminin başlandığı gün olaraq vurğulayıb:

“Buna qədərki dövrdə millətimiz qara çərçivəyə alınmış işğal günlərinin ildönümlərini böyük kədər və acı hissi ilə keçirdiyi bir tarixi yaşayırdı. Biz yaxşı fərqindəydik ki, bütün bunlar həm də ermənilər üçün qələbələrin və təntənələrin qeyd olunduğu günlər idi. Həmin dönəmdə onlar sinələrinə orden və medallar taxıb millətimizi necə məhv etdiklərindən “qürurla” danışır, təcavüzkarlıqlarından zövq alaraq saxta qəhrəmanlıq salnamələri formalaşdırır, bu istiqamətdə minlərlə film, sənədli əsər və dramalar yaradaraq dünyada özlərini öyməklə məşğul idilər. Odur ki, bizim üçün 27 Sentyabr bu ədalətsizliyə qarşı vurduğumuz zərbənin birinci günü olaraq müqəddəsləşib”. 

Bu gün ölkəmizdə böyük izdihamla qeyd edilən Anım Gününün əhəmiyyətindən danışan deputat bildirib ki, xalqımız öz şəhidlərini ziyarət etməklə millətimizin övladlarına və döyüşçülərinə vəfa borcunu və ehtiramını ifadə edir. 

Z.Oruc dörd il əvvəl məhz tarixin bu günlərində xalqımızın bir yumruq ətrafında birləşərək əldə etdiyi nailiyyətlərdən söz açıb: “27 Sentyabra bir daha qayıtdığımızda çox yaxşı xatırlayırıq və heç zaman unutmamalıyıq ki, dörd il əvvəl həqiqətən də, millət bir nəfər kimi birləşdi və dəmir yumruğu təşkil etdi. Azərbaycan dövlət, ordu və xalqın birliyi ilə XXI əsrin müharibəsini tarixə yazdı və böyük qürurla 90-cı illərdən qalmış bütün ağır səhnələri ortadan götürə bildi. Azərbaycan xalqı bununla da tarixin böyük salnaməsini yazdı. Biz indi qalib dövlət ideologiyasındayıq. Bu gün tariximizi anma və keçdiyimiz yolu dəyərləndirmə günüdür”.

 

Sadiq Cavadov