Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
İşğaldan azad olunmuş bütün torpaqlara qayıdışdan danışan deputat söyləyib ki, bu, böyük bir hadisədir: "Biz bunu böyük fəxr və qürur hissi ilə qeyd edirik. Xocalıya ilk köç bu ilin may ayından başlayıb və 46 ailəmiz Xocalıda yaşayır. Məktəbimiz, bağçamız və digər qurumlarımız fəaliyyət göstərir. Hamı şad-xürrəm və firavan həyat sürür".
E.Məmmədov vurğulayıb ki, azad olunmuş ərazilərə qayıdış davam edir və hər kəsin öz yurduna qayıdışı təmin olunacaq: "Xocalılar, o cümlədən bütün məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar".
"Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində biz bu qələbəni qazandıq, torpaqlarımıza qayıtdıq və qalib Azərbaycanın vətəndaşları kimi fəxr edir, qürur və sevinc hissi ilə yaşayırıq", - deputat əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun yenidən qurulan Ballıca kəndi də öz daimi sakinlərini qəbul etməyə hazırdır. Ballıcaya ilk köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 27 ailə - 152 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
İsmayıl Bakuvi