Bu ilin yanvar-may aylarında Azərbaycanda 28 016-sı ilkin, 91 159-u təkrar olmaqla 119 175 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% çoxdur.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, 5 ay ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 17 555-i fərdi yaşayış və bağ evi, 36 999-u mənzil, 59 146-sı torpaq sahəsi, 1 328-i qeyri-yaşayış binası, 3 843-ü qeyri-yaşayış sahəsi, 292-si əmlak kompleksi, 12-si çoxmərtəbəli yaşayış binası olub.

Hesabat dövründə 6 168 fərdi yaşayış və bağ evi, 2 286 torpaq sahəsi ilkin dövlət qeydiyyatına alınıb ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 14,5% və 25% çoxdur.

Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Belə ki, təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 32,1% artaraq 11 387, mənzillər üzrə 50% artaraq 23 678, torpaq sahələri üzrə isə 36,3% araraq 52 860 olub.