Danimarka hökuməti Şimal dənizində süni adanın tikintisi və bu adanın “yaşıl” enerji əldə etməkdən ötrü istifadə olunması planlarını bəyənib.
AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, adanın tikintisi başa çatdıqdan sonra orada həm təmiz elektrik enerjisi, həm də nəqliyyatda, sənayedə istifadə üçün ekoloji cəhətdən təmiz hidrogen tədarük ediləcək.
Danimarkanın qərb sahilboyunun 80 kilometrliyində yerləşəcək süni ada ilk vaxtlarda 120 min kvadratmetr sahəni əhatə edəcək. Tikintiyə Danimarka hökuməti tərəfindən nəzarət ediləcək, işlərin başlanma tarixi isə hələ təyin olunmayıb. Lakin artıq məlumdur ki, bu, Danimarka tarixində ən iri və bahalı layihə olacaq. Layihənin birinci fazasının 210 milyard Danimarka kronuna (təxminən 33,8 milyard ABŞ dolları) başa gələcəyi ehtimal edilir.
Ekspertlər “yaşıl” enerji istehsal edəcək mərkəzin artıq 2033-cü ildə fəaliyyətə başlayacağını proqnozlaşdırırlar. Burada yerləşdiriləcək külək turbinləri azı 3 giqavat gücə malik olacaq. Sonrakı illərdə bu rəqəmin artırılaraq 10 giqavata çatdırılması planlaşdırılır.