"Bu gün dünyanın diqqəti Azərbaycandadır. Dost ölkələr Bakıya gəlmək üçün tələsirlər. Dost olmayan ölkələr isə COP 29-un Bakıda keçirilməsini həzm edə bilmədiyindən qarayaxma kampaniyaları aparmaqla Azərbaycanın imicinə xələl gətirməyə çalışırlar. Ona görə də son vaxtlar Qərb düşərgəsində ölkəmizə qarşı qəbul olunmuş qərəzli qətnamələrin şahidi oluruq".
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O vurğulayıb ki, Azərbaycan COP29-un keçirilməsi üçün yüksək hazırlıq işləri görüb və bir neçə gündən sonra dünya liderləri, siyasətçilər, alimlər ölkəmizə gələcəklər və dünyanı narahat edən qlobal iqlim dəyikliklərlə bağlı məsələni müzakirə edərək əhəmiyyətli qərarlar qəbul olunacaqdır:
"COP böyük tədbirdir və belə tədbirin keçiirlməsi üçün ilk növbədə iqtisadi güc, siyasi sabitlik və dünyada nüfuzun olması vacibdir. Azərbaycan hər üç parametri üzrə dünya ictimaiyyətinin etimadını qazana bilmişdir. Bu baxımdan bu tədbirin keçirilməsinin böyük qlobal əhəmiyyəti var. Bununla yanaşı COP29 Azərbaycana da bir neçə istiqamətdə üstünlüklər qazandıracaqdır. Birinci növbədə bu tədbirin keçirilməsi ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirəcəkdir. Belə ki, ölkəmizə gəlmiş dövlət başçıları və siyasətçilər öz gözləri ilə Azərbaycanın ədalətli, məsuliyyətli bir ölkə olduğunu görəcəklər. O cümlədən, onlar Qərbin ölkəmizə qarşı apardıqları qərəzli qarayaxma kampaniyalarının da həqiqətə uyğun olmadığını görəcəklər. Bu tədbir dünyada dostlarımızın sayının artmasına töhfə verəcəkdir".
"İkincisi, gələn qonaqlar Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatı və investisiya potensialı ilə da tanış ola biləcəklər. Bu tədbir ölkəmizin bərpa olunan enerji sektoruna və qeyri-neft sektorun digər sahələrinə investisiyaların cəlb olunmasına yeni bir impuls verəcəkdir. Həm də yeni ölkələrlə əməkdaşlıq etmək imkanlarının genişlənməsinə töhfəsi olacaqdır. Təbii ki, bu yeni bazarlara çıxış imkanlarımızın artmasına yol açacaqdır. Üçüncüsü isə turizm sektorunun inkişafını sürətləndirəcəkdir. Qlobal pandemiya dünya turizm sektorunu iflic halına gətirmişdir. Amma pandemiya başa çatandan sonra ölkələr dünya turizm bazarından daha çox pay almağa çalışırlar. Bu baxımdan COP29-la bağlı ölkəmizə gələcək on minlərlə qonaq turizm sektorunun sürətlə inkişafına töhfə verəcəkdir. Çünki, qonaqlar ölkəmizin turizm potensialı, tarixi, mədəniyyəti, mətbəxi ilə tanış olacaqlar və öz ölkələrinə qayıdandan sonra Azərbaycanın təbliğatçıları olacaqlar. Bu da insanlarda maraq yaradacaq və ölkəmizə səfərə gəlmək istəyənlərin sayını çoxaldacaqdır", - deputat söyləyib.
A.Badamov bildirib ki, dördüncüsü isə dünyaya ermənilərin cinayətkar üzünü və bizim ədalətli mövqeyimizi tanıtmaq baxımdan əhəmiyyətli olacaqdır: "Çünki COP29 çərçivəsində ölkəmizə gələn qonaqlar işğaldan azad olunmuş ərazilərə də səfərlər edəcəklər. Onlar torpaqlarımızın erməni işğalı altında olduğu 30 ildə törətdikləri cinayətləri görəcəklər. Həm də torpaqlarımız işğaldan azad olunandan sonra ermənilərin viran qoyduğu əraziləri necə bərpa etdiyimizi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdaraq firavan həyatlarına davam etdirdiklərinin şahidi olacaqlar. Bu, ermənilərin və onların arxasında dayanan qüvvələrin apardıqları islamofob və Azərbaycanofob siyasətinin bir daha ifşa etməyimizə imkan verəcəkdir. COP29-un ölkəmizə qazandıracaq dividentlər uzun müddətlidir və zaman keçdikcə biz onun əhəmiyyətini daha yaxşı görəcəyik".