Son günlərdə şərti sərhəd zonasında Ermənistan silahlı qüvvələrinin təxribatlarının sayının artması müşahidə olunmaqdadır. Eyni zamanda təxribat coğrafiyasının genişlənməsi də diqqətdən yayınmır. Əgər Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri son günlər daha çox atəşə tutulurdusa, indi düşmən Kəlbəcər rayonu istiqamətində də fəallaşıb və burada da təxribatlar törədir. Bundan əlavə, yenə bu günlərdə Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

İqtisadiyyat.az xəbər verir ki, hadisələr indiki templə inkişaf edərsə, Ermənistan silahlı qüvvələrinin bütün şərti sərhəd boyu təxribatlar törətməyə çalışacağı istisnalıq təşkil etmir. Azərbaycan Ordusu tərəfindən isə təxribatların törədildiyi bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür. Ancaq maraq doğuran məsələ sülh danışıqlarının getdiyi, iki ölkə arasında barış əldə edilməsi ehtimalının yüksək olduğu bir vaxtda nədən erməni tərəfinin silahları işə salmasıdır.

Təbii ki, bunu şərtləndirən başlıca səbəb Ermənistanın Azərbaycana düşmən münasibətindən əl çəkməməsi, revanşist dairələrin hələ də silahlı qüvvələr sırasında yer alan nümayəndələrinin olmasdır. Eyni zamanda kənar maraqlı qüvvələrin təsiri ilə erməni ordusunda fəaliyyət göstərənlərin də sayı az deyil. Regionda sülhün əldə edilməsinə qarşı çıxanlar belə təxribatlar vasitəsilə barış prosesini baltalamağa can atırlar. Daha bir maraqlı nüans isə erməni təxribatlarının COP29 tədbirinə az qaldığı bir vaxtda artmasıdır.

Azərbaycan bu tədbirə qədər Ermənistanla sülh müqaviləsinin və ya onun ilkin şərtlərinin tam şəkildə razılaşadırılmasına çalışır. Bunun üçün müvafiq şərait də mövcuddur. Amma görünən odur ki, kənar qüvvələrin əlində vasitə olmaqdan xilas ola bilməyən, eyni zamanda öz milli maraqlarını başqalarının istəyinə qurban verən Ermənistan yaranmış tarixi fürsətdən istifadə etmək istəmir. Sözügedən məqamı nəzərə alan və regionda sülhə qarşı çıxan qüvvələr Ermənistan öz çirkin məqsədləri üçün yararlanmaq məqsədilə aktiv fəaliyyət həyata keçirirlər. Belə anti-Azərbaycan dairələrin məkrli məqsədlərindən biri də bilavasitə COP29-la bağlıdır.

Sözügedən tədbir çərçivəsində bütün dünya ölkələrinin həyatına təsir edəcək, iqlim dəyişmələrinin fəsadlarının neytarllaşdırılması və ya minimal həddə endirilməsinə gətirib çıxaracaq tarixi əhəmiyyətli qərarların qəbul olunması gözlənilir. Xüsusən də Millətlər Birliyi təşkilatının Baş katibi Patrisia Skotlendin dediyi kimi  Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır: “Bu, ölkələr arasında etimadın bərpası və insanların həyat və həyat şəraitlərinin qorunması üçün vacibdir. Əsas qalıq yanacaq istehsalçısı kimi rolunun dayanıqlı enerjiyə dair qlobal ehtiyacla balanslaşdırmaq baxımından Azərbaycandan böyük gözləntilər var. Ümid edirik ki, Azərbaycan qalıq yanacaqlardan asılılığın azaldılması ilə bağlı faydalı və praktiki müzakirələrin aparılması üçün liderliyindən istifadə edəcək”. BMT-nin Baş katibi Antonio Quterreş  də vurğulayır ki, COP29 sessiyasının yekunları üzrə iqlim dəyişikliyi ilə səmərəli mübarizə aparmaq üçün ciddi maliyyə öhdəliklərinə nail olmaq lazımdır. Sözügedən xüsusda, həmçinin digər istiqamətlər üzrə Bakıda qəbul edilməsi gözlənilən həyati vacib qərarlar Azərbaycanın dünyada nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək, ölkəmizin növbəti uğuru olacaq. Amma eyni zamanda   COP29 planetin xilasına yönəlmiş önəmli tədbir olduğundan burada qəbul olunacaq qərarlar, atılacaq addımlar bütün dünyanın da uğuru hesab oluna bilər. Azərbaycan məsələyə məhz bu prizmadan yanaşır. Lakin prosesə xələl gətirmək istəyənlər də az deyil. 

Artıq bir sıra beynəlxalq media vasitələrində maraqlı qüvvələrin sifarişi ilə COP29-a qarşı təbliğat kampaniyasının aparılması da qeyd edilənlərin təsdiqi hesab oluna bilər.  Şübhə yoxdur ki, tədbir yaxınlaşdıqca məkrli dairələrin anti-Azərbaycan fəaliyyəti bu və digər formada daha da aktivləşəcək. Azərbaycana qarşı daha çox əsassız ittihamlar səsləndiriləcək, ölkəmizə yeni iftiralar atılmasına cəhdlər olunacaq. Bütün bunlara qarşı Azərbaycan əməlləri, fəaliyyəti ilə konkret müdafiə mexanizmləri yaratdığından, bədnam qüvvələri uğurla ifşa etdiyindən onlar ölkəmiz əleyhinə digər bütün vasitələrdən istifadə etməyə çalışırlar. İndiki halda belə vasitələrdən biri də məhz Ermənistandır.  

Ermənistanın son dövrlərdə intensiv şəkildə silahlandırılması, bu ölkənin revanşizmə həvəsləndirilməsi heç də təkcə konkret qüvvələrin sözügedən ölkə vasitəsilə regionda mövqelərini gücləndirməsinə, Rusiya əleyhinə ermənilər vasitəsilə iş aparılmasına hesablanmayıb. Onların başlıca məqsədlərindən biri yenə Ermənistan vasitəsilə Azərbaycanla şərti sərhəd zonasında gərgin atmosferin hökm sürməsinə nail olmaq, bu yolla ölkəmizə təzyiq göstərməkdir. Eyni zamanda sərhəddə gərginlik bu məkrli qüvvələrin Azərbaycan əleyhinə təbliğat aparmaları, xüsusən də COP29-a indidən xələl gətirmək cəhdləri üçün olduqca vacibdir. Təsadüfi deyil ki, COP29-dan bəhs edərkən belə qüvvələr mütləq şəkildə Azərbaycan-Ermənistan münasibətlərini xüsusi qabartmağa çalışırlar.     

Təbii ki, Azərbaycan ərazi bütövlüyünə, milli maraqlarına xələl gətirən istənilən hala qarşı müvafiq reaksiya sərgiləyəcək, təhdidləri həmişəki kimi qətiyyətlə aradan qaldıracaq. Amma ölkəmiz eyni zamanda qurulmuş çirkli oyunların ifşasını da davam  etdirəcək. Bunu anti-Azərbaycan qüvvələrin, o cümlədən Ermənistanın nəzərə alması mütləqdir. Azərbaycanla normal münasibətlərə malik olmaq istəyirsə, Ermənistan münasibətlərin normallaşmasına ziyan vuracaq addımlardan, təxribatlardan uzaq durmalıdır. Bura şərti sərhəd zonasında atəşkəs halalrının pozulması da daxildir.

O da maraqlıdır ki, erməni tərəfindən məqsədyönlü şəkildə atəşkəsin pozulmasını nədənsə Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən mülki monitorinq missiyası “qeydə almır”. Bu da “binokl diplomatiyası” ilə məşğul olan həmin missiyanın Azərbaycan əleyhinə fəaliyyətinin, konkret sifarişlərin icraçısı olmasının təzahürüdür. Bütün bu qeyd edilən proseslərdə isə başlıca kənar qüvvə qismində əsas etibarı ilə Fransanın dəsti-xətti hiss olunur. İlk növbədə o baxımdan ki, Ermənistanın regionda hansı mövqedən çıxış etməsinə, hansı formada xarici siyasət yürütməsinə Fransa  indi daha çox təsir edir. Rəsmi Parisin regionda destruktiv siyasətinə qarşı Azərbaycanın qətiyyətli müqaviməti isə Fransanın ölkəmizə qarşı qarayxama və düşmənçilik siyasəti aparması ilə müşayiət olunur. O səbəbdən Fransa Ermənistandan istifadə edərək, ölkəmiz əleyhinə təxribatçı fəaliyyət həyata keçirir. Amma bu kontekstdə də Ermənistanı güdaza verir.  Əgər Ermənistan Azərbaycana qarşı alət olaraq qalmaqda davam edərsə, eyni zamanda Rusiyaya qarşı yeni platsdarm olarsa, onda bu ölkəni yaxşı heç nə gözləmir. Eyni zamanda Ermənistan və Fransa da daxil olmaqla bütün anti-Azərbaycan dairələr bilməlidir ki, ölkəmiz COP29-u digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə təşkil edəcək, burada bəşəriyyətin gələcəyinə təsir edəcək mühüm qərarlar qəbul olunacaq.