“Azərbaycan və Çin arasında vizanın qaldırılması, iki ölkə arasında gəliş- gedişlərin sayına öz təsirini göstərəcəkdir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, son dövrlər Azərbaycan və Çin arasında həm siyasi, həm də iqtisadi əlaqələr güclənməkdədir: “Ötən il Azərbaycan Çin vətəndaşları üçün vizanı götürməklə qarşılıqlı əlqələr daha da inkişaf etdi və artıq biz ötən ildən Çindən gələn turistlərin sayında artımı müşahidə edirik. Bu il isə Azərbaycan və Çin arasında vizanın qarşılıqlı şəkildə aradan qaldırılması iki ölkə arasında gəliş- gedişlərin də sayına öz təsirini göstərəcəkdir”.
Ekspert söyləyib ki, Çindən Azərbaycana turistlərin gəlməsi ölkəmiz üçün də maraqlıdır: “Çin Azərbaycanın hədəf bazarlarındadır. Bununla əlaqədar olaraq vizadan azad olunmadan savayı birbaşa uçuşların sayı və günlərin artırılması da Çindən gələn turistlərin sayına müsbət təsir göstərəcək”.
C.Aşurov qeyd edib ki, ötən ilin birinci rübü ilə müqayisədə Çindən gələn turistlərin sayının 1,8 dəfə artdığı statiskadan da müşahidə olunur. Onun sözlərinə görə, bu sayın gələcəkdə daha da artacağı gözlənilir: “Çin ümumiyyətlə dünyada turizm xərcləri olan birinci ölkədir. Çin COVİD-dən öncə, 2019-cu ilin statistikasına görə, 250 milyard dollardan çox turizm səfərlərinə pul xərcləyib. Çünki çinli turistlər çox sayda səfərlərə çıxırlar və bu səfərlər daha çox qrup şəklində təşkil olunur, eyni zamanda onlar şopinqlərə də üstünlük verirlər. Bunu nəzərə alaraq, bir çox ölkə Çindən bu mənada pay götürmək istəyir. Odur ki, Azərbaycan üçün bu strateji yaxınlaşmanın ticari üstünlükləri də vardır”.
Ekspert iki ölkə arasında viza rejiminin ləğvinin Azərbaycan vətəndaşlarının səyahət xərclərinin azalmasına kömək edəcəyini də vurğulayıb: “Əgər əvvəl bir Azərbaycan vətəndaşının Çinə getməsi üçün əvvəldən vizası olub təkrar viza götürürdüsə, bu, 250 dollar xərc yaradırdı və buna müvafiq sənədlər - bankdan arayış, orada 3 min dollardan artıq vəsaitin olması, ilk dəfə gedirdisə, əlavə olaraq əmək müqaviləsinin Çin dilindən tərcüməsi əlavə xərc yarada bilirdi. Bununla da Azərbaycan vətəndaşları Çinə olan səyahətlərdə viza ilə bağlı xərcə ümumi olaraq 300 dollara yaxın qənaət etmiş olacaq”.
İsmayıl Bakuvi