Məşğulluq problemi ilə mübarizə aparan Çin artıq gənclər arasında işsizlik rəqəmlərini açıqlamayacaq.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Covid-19-dan sonrakı iqtisadi bərpa prosesində çətinliklərlə qarşılaşan Çin hökuməti gənclər arasında işsizlik göstəriciləri barədə məlumat paylaşmağı dayandırıb. Ölkənin Milli Statistika Bürosunun (MSB) sözçüsü Fu Linghui mətbuata verdiyi açıqlamasında ölkədə gənclər arasında işsizlik nisbətlərinin və yaş qruplarına görə təsnif edilən işsizlik rəqəmlərinin avqust ayından etibarən paylaşılmayacağını dilə gətirib. O bildirib ki, sözügedən kateqoriyalardakı məlumatların paylaşılması "iş statistikası yaxşılaşdırılana və inkişaf etdirilənə qədər" dayandırılır. 

MSB gənclər arasında işsizlik göstəricilərinə dair rəqəmləri ən son keçən ay paylaşıb. Həmin hesabatda qeyd olunmuşdu ki, 16-24 yaşlı gənc əhalinin işsizlik səviyyəsi şəhər yerlərində yüzdə 21,3 %-lik göstərici ilə 1990-cı illərdən bəri ən yüksək səviyyəyə çatıb. Büronun son açıqlamasına görə, şəhərlərdə ümumi işsizlik səviyyəsi iyul ayında əvvəlki ayla müqayisədə 0,1 % artaraq 5,3 % olub.

Bundan əlavə, illik dövriyyəsi 20 milyon Çin Yuanından (təxminən 2,772,675 dollar) çox olan sənaye müəssisələrinin istehsalı, iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artıb. İstehlak ölçüsü kimi qəbul edilən pərakəndə satışlar iyul ayında illik 2,5 faiz artaraq iyun ayındaki 3,1 faiz artımı keçə bilməyib.

Ölkədə rekord həddə çatan işsizlik gənclərdə ciddi narahatlıqlar yaradır. Hökumət rəsmiləri isə Z nəslinin çox seçici olmasından narazıdır. Onlar hesab edir ki, hər işi bəyənməyən gənclər kənd yerlərində asanlıqla iş tapa bilərlər.

Prezident Si Cinpin hələ dekabr ayında "kənd iqtisadiyyatını canlandırmaq" üçün şəhər gənclərini kənd yerlərində iş tapmağa çağırmışdı. Bundan başqa, Çinin cənub-şərqindəki Quanqdonq əyalətində may ayında 300 min gəncin iş tapmaq üçün iki-üç il müddətinə kənd yerlərinə göndəriləcəyi açıqlanıb.

Çin Kommunist Partiyasının gənclər qolu olan Çin Kommunist Gənclər Liqası mart ayında yaydığı bəyanatda işsiz gənclərə çağırış edərək onları "qollarını çırmalayıb tarlalarda işləməyə" dəvət etmişdi.