Çinin Baş naziri Li Çanq ABŞ ilə rəqabətin və gərginliyin artdığı bir vaxtda Avropanı əməkdaşlığı gücləndirməyə çağırıb. Linin təmasları iqtisadi əməkdaşlığın təşviqinə və iqtisadi təhlükəsizliyə dair risklərin azaldılmasına yönəlib.

İqtisadiyyat.az xəbər verir ki, Li Çanq Almaniya və Fransaya etdiyi səfərlərdə, riskin dərk edilməsi üçün açıqlığın və əməkdaşlığın yaxşılaşdırılmasına çağırıb.

Mart ayında vəzifəyə başlayan Baş nazir Li xaricə ilk səfərini Almaniya və Fransaya edərək, ABŞ ilə rəqabətin və gərginliyin artdığı bir vaxtda Çinin Avropanın “strateji muxtariyyətini” dəstəklədiyi mesajını verib.

Həftənin əvvəlindən Almaniya və Fransada təmasda olan Li Almaniyada prezident Frank-Valter Ştaynmayer və həmkarı Olaf Şolz, Fransada prezident Emmanuel Makron və həmkarı Elisabeth Borne ilə görüşüb.

Almaniyalı həmkarı ilə Berlində Çin-Almaniya hökumətlərarası məsləhət konfransı keçirən və Parisdə Fransa hökumətinin ev sahibliyi etdiyi Yeni Qlobal Maliyyə Paktı Sammitinə qatılan Li, hər iki ölkənin iş adamları ilə də görüşüb.