Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatlar tam icra edilmir, erməni hərbçiləri Azərbaycan ərazilərindən tam çıxarılmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən iclasında çıxışı zamanı deyib.

C.Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı məsələlərlə bağlı məlumatlandırıb. O, münaqişənin bitməsinin, iqtisadi və kommunikasya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyiə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib. Xüsusilə, bölgədə tranzit imkanlarının artırılması və ümumilikdə sərmayə mühitinin möhkəmləndirilməsinə xidmət edəcək Zəngəzur dəhlizinin açılışından sonra bölgənin əhəmiyyətinin artacağı diqqətə çatdırılıb.

Nazir azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün görülən fəal işlərdən bəhs edib. Qısa müddət ərzində görülən işlərin miqyasının Azərbaycanın azad olunmuş torpaqları bərpa və inkişaf etdirmək qətiyyətini nümayiş etdirdiyi və bunun da öz növbəsində, bölgənin münaqişə sonrası sabitliyinə ciddi töhfə verəcəyi iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Habelə, Ermənistan tərəfindən təxribatların davam etdirildiyi qeyd edilib, o cümlədən 13-14 oktyabr tarixlərində sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribatın çoxsaylı insan itkisinə səbəb olduğu vurğulanıb.

Ermənistanın bu hərəkətlərinin bölgədə sülh və sabitliyin təmin olunması səylərinə xələl gətirdiyi diqqətə çatdırılıb. Nazir Azərbaycan Respublikasının münasibətlərin normallaşması və danışıqlar prosesinin irəli aparılması istiqamətində Ermənistan tərəfindən real addımların atılmasını gözlədiyini və ölkəmizin bu xüsusda səylərini davam etdirməyə qətiyyətli olduğunu bəyan edib.