Bir neçə gün əvvəl Əməkdar mədəniyyət işçisi, prodüser Oqtay Əliyevin qəza və dəfn mərasimindən yayılan həssas görüntülərin mediada işıqlandırılması cəmiyyətdə ciddi narazılıqlara səbəb oldu. Vəfat edən məşhurların yas mərasimlərindən canlı yayım açılması, görüntülərin reytinq xatirinə tirajlanması nə dərəcədə doğrudur? Bunun qarşısını almaq üçün qadağalar tətbiq edilə bilər?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa İqtisadiyyat.az-a fikirlərini deyib. O bildirib ki, vəfat etmiş şəxsin yaxınlarına aid görüntülərin yayılması zərərli bir tendensiyadır. Bununla bağlı qanunvericilikdə müddəa olmasa da, konstitusiyada var ki, şəxsin iradəsinə zidd olaraq onunla bağlı hər hansı bir informasiyanın yayılması mümkün deyil, həmçinin azyaşlıların hüquqlarının qorunması məsələsi nəzərə də alınmalıdır:

 

 

“Bu cür çəkilişlər media etikasına da uyğun deyil. Hər hansı bir qəza xəbəri veriləndə, şəxsin üz cizgilərini gizlətmək şərtilə fraqmentin, reportajın verilməsi mümkündür. Ümumiyyətlə, bu cür məsələlər qanunla tənzimlənmir. Cəmiyyətin etik qaydaları o dərəcə inkişaf edir ki, insanlar bilirlər nəyi etmək olar, nəyi yox. 
Oqtay Əliyevə Allah rəhmət etsin. Onun dəfn görüntüləri haqlı olaraq narazılıqla qarşılandı. Biz də buna normal bir hadisə kimi baxmadıq. Ailə üzvlərinin stressli vəziyyətdə görüntülərini yaymaq mənəvi və etik cəhətdən doğru deyil. Məncə bu məsələdə müzakirələri genişləndirmək lazımdır. İnsanlar, xüsusən media mənsubları anlasın ki, nəyi etmək məqbuldur, nəyi etmək məqbul deyil. Söhbət hər hansı qadağadan yox, etik qaydalardan gedir ki, bunlara da hamı əməl etsə, yaxşı olar”.

 

 

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri, yazıçı Rəşad Məcid saytımıza bildirdi ki, Mətbuat Şurası bununla bağlı açıqlama yaydı, öz münasibətini bildirdi. Bu məsələlər jurnalistlərin etik davranış qaydalarına ziddir:

“Bu mövzuda hansısa bir qadağaların qoyulması, sosial mediada tənzimləmələrin aparılması çətin məsələdir. Həssaslıq və insani dəyərlər ən böyük peşəkarlıq olmalıdır. Jurnalist belə məsələlərdə həssaslıq göstərməyi bacarmalıdır. Əminəm ki, peşəkarlar buna əməl edirlər. Özünü jurnalist adlandıran "jurnalistlər" isə belə şeylərlə məşhurluq və İP qazanmaq istəyirlərsə, bunu onların öz vicdanına buraxmaq lazımdır”.

 

 

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli isə ümumiyyətlə media üçün mövzu məhdudiyyəti olmadığını bildirib:

“Bu olmaz, o olmaz demək mümkün deyil. Yayılması qadağan olunan məlumatlardan başqa bütün mövzularda yazmaq olar. O cümlədən dəfn mərasimlərindən də yazıla bilər, reportajlar, çəkilişlər hazırlana bilər. Lakin bunu çox peşəkar səviyyədə etmək lazımdır. Bizim məqsədimiz yas və ya dəfn mərasimindən təəssürat yaratmaqdırsa, televiziya diliylə desək, 3-4 kadrla kifayətlənmək olar. Elə şeylər var ki, o detallara enmək olmaz. Qəbristanlıq görüntüsü, məzar görüntüsü kifayət edir. Yoxsa vəfat etmiş şəxsin yaxınlarını iri planda çəkmək, onların emosiyalarını daha qabarıq göstərmək olmaz. Sözün qısası, peşəkarlıq lazımdır. Bu peşəkarlıq olmasa, daim belə nöqsanlarla üzləşəcəyik”.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az