İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı İctimai televiziyanın cənub regionu üzrə müxbiri Rəhman Məlikov sujet hazırlayıb.
O, sujetdə turizm obyektlərinin sahiblərinə istinadən bildirir ki, ötən mövsüm cənub zonasına səfər edən turistlərin sayında son illərin ən yüksək göstəricisi qeydə alınıb. Belə ki, bu bölgəni ziyarət edən turistlərin sayında 20–30% artım müşahidə olunub. Bu il Qurban bayram tətilindən etibarən cənub bölgəsinə səfər edən turistlərin sayının çox olmasının isə bu il bu rəqəmin daha da artacağını deməyə əsas verir.
Sujetdə qeyd edilir ki, artıq hotellərin çoxu əvvəlcədən rezervasiya olunan qonaqları qəbul edib. Xüsusilə təbiət qoynunda yerləşən istirahət mərkəzləri və hotellər daha yüksək qiymətə xidmət göstərir. Belə ki, şəhər mərkəzində səhər yeməyi daxil 2 nəfərlik otaqlar 60 manata təklif olunduğu halda, təbiət zonasındakı otellərdə eyni şəraitli otaqların bir günlük qiyməti 120 manata qədər yüksəlir.
“Bizim oteldə məhz bayrama görə artıq 70% doluluq var. Müraciət edən turistlərin demək olar 80%-i paytaxt sakinləridir. Artıq bəzi xarici turistlər də müraciət edib. Keçən illə müqayisədə bu il cüzi qiymət dəyişikliyi var”, – deyə otel sahibləri bildirirlər.
Sujetdə bildirilir ki, bəzi otel sahibləri qiymət artımını mövsümi amillərlə izah edirlər. Onların sözlərinə görə, turist axınının intensivliyi əlavə işçi qüvvəsinə ehtiyac yaradır və bu da ümumi xərclərin artmasına səbəb olur. Nəticədə bu artım qiymətlərdə də əks olunur.
Hotel sahibləri deyir ki, qış vaxtı əgər 2–3 masadar (ofisiant) və ya 2 xadimə işləyirdisə, yay aylarında tələbata uyğun olaraq xidmət sahəsi də artır və bu sayları 10-a qaldırılır.
Hazırda bir günlük ziyarət üçün qiymət artımı orta hesabla 10 manatdan 20 manata qədər dəyişir.
Mütəxəssislər bildirirlər ki, bölgəyə turist axını davamlı olarsa, bu təkcə qiymətlərin sabitləşməsinə deyil, həm də otellər arasında rəqabət mühitinin formalaşmasına gətirib çıxara bilər. Belə şəraitdə qiymətlərin tədricən aşağı düşəcəyi də istisna olunmur.