2023-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank, kredit təşkilatları və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına, ümumilikdə, 66 milyon 885 min manat kredit verilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov rəsmi mətbuata müsahibəsində bildirib.

O, qeyd edib ki, kreditlərin 4 milyon 410 min manatı və ya 6,6 faizi sənayenin, 6 milyon 493 min manatı və ya 9,7 faizi ticarətin, 4 milyon 434 min manatı və ya 6,6 faizi kənd təsərrüfatı, 51 milyon 548 min manatı və ya 77,1 faizi isə digər sahələrə verilmiş kreditlərin payına düşüb.

“Cari ilin yanvar-mart ayları ərzində muxtar respublikada fəaliyyət göstərən banklar vasitəsilə mal-material və avadanlıq alınması üçün xarici ölkələrə 20 milyon 395 min ABŞ dolları 4 milyon 717 min avro məbləğində vəsait köçürülüb”, - Səbuhi Məmmədov qeyd edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalı, pərakəndə ticarət dövriyyəsi, xidmət sektoru sahəsində əhəmiyyətli artım dinamikası izlənilməkdədir: “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilib və hesabat dövründə 62 sahənin yaradılması başa çatdırılıb.

Hazırda sənaye məhəlləsi, duz istehsalı müəssisəsi, spirtli içkilərin istehsalı, oksigen istehsalı, avtomobil təmiri, bitki yağı istehsalı, iplik istehsalı, süd emalı müəssisəsi, unluqənnadı məmulatları istehsalı, soyuducu anbar, göbələk emalı sahəsi, heyvandarlıq, quşçuluq, bağçılıq və müxtəlif xidmətlər üzrə 33 sahənin yaradılması davam etdirilməkdədir”.