“Bir qədər güclü yağıntı zamanı yol infrastrukturunun və küçələrin bərbad vəziyyətə düşməsi və subasmaların yaranması müvafiq qurumların məsuliyyətsizliyinin nəticəsidir”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, əslində bu problemin bir deyil, bir çox səbəbləri var: “Yağış yağanda heç kimdən soruşmur ki, az, yoxsa çox yağım. Yağış yağmalıdır və təsərrüfat qurumlarının, şəhəri idarə edənlərin, yolu tikənlərin, sonra yağış sularını idarə edənlərin bircə vəzifəsi var ki, təbii amilləri nəzərə alsın, özü də maksimum dərəcələrini nəzərə alsın və onu normal idarə etsin. Yəni bu sahəni idarə edən insanlar öz işlərini düzgün qurmalıdır. Həmin o yağıntı sularını idarəetmə sistemi, yəni onları toplayan və ötürən sistem elə qurulmalıdır ki, yağış normadan bir neçə dəfə artıq yağanda da onu götürə bilsin”.
Ekspert söyləyib ki, yol tikintisi, infrastrukturun qurulması normadan artıq yağıntılar nəzərə alınmalı və tikinti maksimum şəkildə təbiət hadisələrinə tab gətirəcək uyğunluqda aparılmalıdır: “Yolları tikənlər və yağıntı sularını idarə edənlər yalnız aylıq normaya söykənməməlidir. Belə yanaşma olmamalıdır, belə yanaşmanın özü təhlükəlidir, yanlışdır və dünya təcrübəsinə uyğun deyil”.
Ə.Hüseynov vurğulayıb ki, son illər Bakıda şəhərsalma norma və qaydalarından kənar aparılan tikintilər bu fəsadların meydana gəlməsinə gətirib çıxarıb. Hətta bəzi ərazilərdə yağıntı suları sisteminin və yaxud da adicə kanalizasiya sisteminin elementləri dağıdılıb:
“Sabunçu tunelini tikənlər özləri də orada nasos quraşdırıblar ki, buraya yağışlar toplana bilər. Amma birincisi, işi elə görmək lazımdır ki, yağış sularının ümumiyyətlə o cür toplanmasının qarşısı alınsın. İkincisi də onu kənarlaşdıran nasoslar qoyulmuşdusa, o nasosların vurduğu suyun hara qədər axıb gedəcəyi izlənməli idi. Belə iddialar səsləndirilir ki, nasosla suyu oradan vururlar, amma qurğuların buna gücü çatmadığına və suyu apara bilmədiyinə görə yağıntının bir hissəsi yenidən geri qayıdır. Belə yanaşmalar olmamalıdır”.
Ekspert bütün hallarda məsuliyyətin Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, tikintiləri aparanların, yağıntı sularını, adi suları idarə edən və sair qurumların üzərinə düşür. Burada günahsız bir subyekt var, o da təbiətdir. Təbiət heç vaxt günahkar deyil. Günahkar insanlardır, günahkar insanların qurduqları idarəetmə sistemidir”.
Elçin Mehdiyev