"Zəlzələ zamanı panikaya düşmək lazım deyil. Bir sıra təhlükəsizlik qaydalarına əməl etməklə, təbii fəlakətdən zərərsiz qurtulmaq mümkündür".

Bunu İqtisadiyyat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Təbii fəlakətlər içərisində zəlzələnin ən yüksək təhlükəli riskə malik olduğunu söyləyən ekspertin sözlərinə görə, yeraltı təkanın baş verdiyi an qorunmaq qaydalarını hər kəs bilməlidir.

O deyib ki, zəlzələ anında şəxs evdədirsə, qapı arakəsmələrində, şkafın və ya yataq dəstinin yanında özü üçün təhlükəsizlik yer seçə bilər: "Şəxs evi tərk etmək istəsə, liftdən istifadə etməməlidir. Çünki zəlzələ anında elektrik enerjisi kəsilə və şəxs liftdə öz həyatını təhlükə altına sala bilər. Evdən çıxarkən qaz və işıq təsərrüfatını mütləq bağlamaq lazımdır. Əgər şəxs zəlzələ anında çöldədirsə, yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən və işıq dirəklərindən uzaq durmalıdır. Eyni zamanda dağılma və uçma təhlükəsi olan avadanlıqların yanından uzaqda olmalı və açıq sahəyə üstünlük verilməlidir. Şəxs nəqliyyat vasitəsi idarə edirsə, avtomobilini bir kənarda saxlamalı və təbii fəlakətin bitməsini gözləməlidir".

E.Nurəliyev tövsiyə edib ki, hər kəsin evində mütləq təhlükəsizlik çantası olmalıdır. Onun sözlərinə görə, həmin çantanın içərisinə vacib sənədlər, fanar, fit, pul və digər vacib əşyalar qoyulmalıdır:

"Vətəndaşlar fərdi yaşayış evi tikdikdə və ya mənzil alarkən normativ tikinti qaydalarına əməl olunduğuna diqqət etməlidir. Əgər çoxmənzilli yaşayış binalarında tikinti norma və standartlarına əməl edilibsə və keyfiyyətli tikinti materiallarından istifadə olunubsa, bu halda narahatlığa ehtiyac yoxdur. Bundan başqa, sakin evdə layihədən kənar dəyişiklik etməməli və beton arakəsmələrin yerini dəyişməməlidir. Bu, təhlükəsizliyin təmini üçün risklidir". 

Qeyd edək ki, bu gün yerli vaxtla 08:15-də Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir. 

 

Gülşən Şərif