Gələn ildən Azərbaycan vətəndaşları əməkhaqqı və təqaüdlərini istənilən bankdan ala biləcək.

İqtisadiyyat.az xəbər verir ki, İqtisadçı ekspert Natiq Cəfərli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, bank sektorunda rəqabətli mühitin inkişafı üçün belə bir addıma ehtiyac var idi:

“Bank sistemində rəqabətli mühitin genişləndirilməsi üçün bir neçə sistem qurucu banklardan başqa digər bankların inkişafına yardım edilməsinə ehtiyac var. Məsələn, Azərbaycanda əməkhaqları, təqaüdlər, dövlət şirkətlərinin hesabları bir neçə böyük banklarda cəmləşir. Bu, həmin bankların ölkə ərazisində daha çox filiallarının və bankomatlarının olması ilə bağlıdır. Faktiki olaraq maaş və təqaüdlərin sistem əhəmiyyətli banklar tıərəfindən ödənilməsi digər banklar üçün haqısz mühit yaradır”. 

Ekspertin sözlərinə görə, bu addım orta və nisbətən daha kiçik bankların inkişafına səbəb olacaq:

“Ölkədə büdcə təşkilatlarında çalışan, büdcədən maaş alanların sayı təqribən 900 minə yaxındır. 1,2 milyona yaxın şəxs isə təqaüd və sosial yardımlar alır. Sözügedən 2,1 milyon şəxsin vəsaitlərini digər banklar vasitəsilə almasına şərait yaradılsa, bu, orta və kiçik banklara rəqabətli mühit yaradılması üçün dəstək yarada bilər”. 

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının əməkhaqqı və təqaüdlərini seçdikləri bankdan ala bilmələri üçün Mərkəzi Bank tərəfindən texniki hazırlıqlar aparılır. Texniki məsələlərin həllinin gələn ilin əvvəlində bitəcəyi gözlənilir.