İqtisadiyyat.az xəbər verir ki, yeni model hazırkı smartfonlar arasında ən zəif nəticəni göstərib.
Test zamanı "Galaxy S25 Edge" oyun, video izləmə, internetdə gəzişmə, sosial şəbəkələr və kamera istifadəsi kimi müxtəlif yüklərə məruz qalıb. Eyni sınaqlar "iPhone 16 Pro Max", "Galaxy S25 Ultra", "OnePlus 13", "Xiaomi 15 Pro" və "Pixel 9 Pro XL" modelləri üzərində də aparılıb.
PUBG Mobile oyununda üç saat keçdikdən sonra Galaxy S25 Edge-də batareya 62% qalıb. Bu göstərici "Pixel 9 Pro XL" (64%) və "Galaxy S25 Ultra" (70%) ilə müqayisə edilə biləcək səviyyədə olub. 6000 mAh batareyaya malik "OnePlus 13" də oxşar nəticə göstərib, lider isə "iPhone 16 Pro Max" olub – o, bu müddətdə cəmi 20% enerji itirib.
Əlavə üç saatlıq video baxışdan sonra Galaxy S25 Edge-də enerji 43% olub, "Pixel 9 Pro XL" isə 45% nəticə göstərib. Daha iki saatlıq internet istifadəindən sonra Galaxy S25 Edge-də enerji səviyyəsi 32%-ə düşüb (Pixel 9 Pro XL — 30%), "iPhone 16 Pro Max" isə 60% batareya ilə üstünlüyünü qoruyub.
Ümumilikdə, "Galaxy S25 Edge" 10 saat 40 dəqiqə çalışıb və Pixel 9 Pro XL-dən cəmi 13 dəqiqə az işləyib. "Galaxy S25 Ultra" 11 saat 45 dəqiqə, "OnePlus 13" isə ondan 3 dəqiqə artıq fəaliyyət göstərib. "Xiaomi 15 Pro" 12 saat 22 dəqiqə, testin qalibi "iPhone 16 Pro Max" isə 12 saat 38 dəqiqə nəticə göstərib.
Qeyd olunur ki, "Galaxy S25 Edge" bazardakı ən nazik smartfonlardan biridir. Onun cəmi 5,8 mm qalınlığında korpusa malik olması üçün 3900 mAh-lıq batareya seçilib. Halbuki rəqiblərin əksəriyyəti 5000–7000 mAh arasında tutuma sahib batareyalarla təchiz olunub.