Seçkilərdə hər birimiz səs verərkən sol əlimizin baş barmağımızın gözə görünməyən mürəkkəblə işarələndiyinin şahidi olmuşuq.

Bunun edilməsi məcburidirmi və yaxud işarələnmədən imtina etmək olarmı?

İqtisadiyyat.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, seçicinin barmağının gözə görünməyən mürəkkəblə işarələnməsi Seçki Məcəlləsinin tələbidir. Belə ki, Seçki Məcəlləsinin 104.6-cı maddəsinə əsasən seçiciyə seçki bülleteni vermədən öncə onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsi gözə görünməyən mürəkkəblə işarələnməlidir.

Barmağının işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilmir və ondan seçki məntəqəsini tərk etməsi tələb olunur.

Bu barədə seçici siyahısında “İşarələnmədən imtina etdi” qeydi aparılır.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.